AZ

Nə “Qaradağ Lökbatan” çəkinir, nə də “Şamaxı”… - baş məşqçilər iddialı danışdı!

Azər Həşimov: “Eynisini təkrarlayacağıq”

Ramiz Məmmədov: “Sıradan bir qarşılaşma kimi yanaşırıq”

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsümün ən taleyüklü matçı keçiriləcək. Oyunun əhəmiyyəti, sadəcə, ən güclülərin dueli olmasıyla bağlı deyil. Burda həm də 2023/24 “futbol ili”nin çempionu bəlli ola bilər. Bəli, söhbət “Qaradağ Lökbatan” – “Şamaxı” matçından gedir. Düzdü, tərəflərin daha bir matçı qalır. Lakin həmin görüşlərin favoritləri böyük səviyyə fərqiylə məhz onlar olduğundan məğlubiyyət ağla gəlmir.
“Qaradağ Lökbatan” ötən həftə “İmişli”dən xal qopararaq (0:0) təhlükələrdən birini sovuşdurdu. Çempionluq yolunda növbəti maneə isə “Şamaxı”dı. Amma bu rəqibin daha iddialı olduğunu deməkdə fayda var. Çünki komanda 2022/23 “futbol ili”ndə olduğu premyer-liqaya dönməyə iddialıdı.

Həm Azər Həşimovun, həm də Ramiz Məmmədovun komandası indiyə qədər xeyli çətinliklə üzləşib. Xal fərqinin azlığı da onların faktiki bərabər səviyyədə olmasının göstəricisidi. Bəs kim özünü daha şanslı sayır? Hazırlıq prosesi tamamlanıbmı? Vacib oyun ərəfəsində düşərgədə durum necədi? Azarkeşlərin matça marağı hansı səviyyədədi?

Bu suallarla hər iki tərəfin baş məşqçisinə müraicət etdik. Sizi çempionluğa iddialıların açıqlamalarıyla tanış edirik.

Azər Həşimov (Qaradağ Lökbatan):

“Bizi çətin oyun gözləyir. Mövsüm ərzində bütün oyunlara qələbə əzmiylə çıxmışıq. Çempion olmaq istəyirsənsə, bunu etməlisən. Bu dəfə də eynisini təkrarlayacağıq. Düşünürəm ki, komandam daha yaxşı oyun göstərib qalib gələcək. Futbolçularımın əhval-ruhiyyəsi yüksək səviyyədədi. Hər biri qələbə qazanacağımıza inanır. Qısası, düşərgədə hər şey qaydasındadı. Zədəlimiz yoxdu. Lökbatanlı futbolsevərlər yanımızda olacaq. Hansısa xüsusi tədbir nəzərdə tutulmayıb”.

Ramiz Məmmədov (Şamaxı):

“Həlledici oyun olduğunun fərqindəyik. Matçın ciddiyyətini başa düşürük. Lakin sıradan bir qarşılaşma kimi yanaşırıq. Çünki bu, sonuncu tur deyil. Hələ “Araz Saatlı” ilə oyunumuz da var. Həmişə bütün rəqiblərə hörmətlə yanaşmışıq və bu belə də olacaq. Meydana “Qaradağ Lökbatan”ı məğlub etmək üçün çıxacağıq. Məqsədimiz, təbii ki, çempion olmaqdı. Şükür Allaha, oyuna tam heyətlə hazırlaşmışıq. Zədəlimiz yoxdu.Bütün futbolçular bizimlə olub və bərabər çalışmışıq. Rəhbərliyə bütün bunları edə bilmək üçün yaradılan şəraitə görə təşəkkür edirəm. “Qaradağ Lökbatan”a uğurlar arzulayırıq. Əvvəldən nəticə haqda danışmaq doğru olmaz. Hər şey göz qabağında olacaq və son sözü nəticə deyəcək. Hakimin kim olmasının fərqi yoxdu. Təki oyun ədalətli idarə edilsin. Futbolçularım peşəkardı və və əlindən gələni edəcək ki, məqsədimizə çataq. Azarkeşlərimizə gəlincə, onlar bizi indiyə qədər dəstəksiz qoymayıb. İnanıram ki, bundan sonra da belə olacaq. “Sektor 56” fanklubu başda olmaqla, çox yaxşı tərəfdarlarımız var. Rəhbərlik onların matçı tribunalardan izləyə bilməsi üçün lazımi işləri görəcək. İnşallah, “Şamaxı”nı sevənlər Lökbatanda bir araya gələcək. Bunların qarşılığında oyunun taleyini istədiyimiz kimi həll etməyə çalışacağıq. Matçın səfərdə keçirilməsinin isə önəmi yoxdu. Ölkəmizin hər bölgəsi bizim evimizdi. Oyunçularım heç bir rəqibin meydanında özünü qonaq kimi hiss etmir”.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
football-plus.az

1Mənbələr