AZ

Hərbi İnstitutun kursantları idman yarışlarında uğur qazanıblar

Bakı, 16 may, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ölkəmizdə keçirilən müxtəlif idman turnirləri, marafon və yarışlarda yüksək nailiyyətlər əldə edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursantlar güc strukturları arasında böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunan sərbəst güləş üzrə turnirdə 4-ü qızıl olmaqla, ümumilikdə 8 medal qazanıblar.

Bundan başqa, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Hapkido Federasiyasının təşkil etdiyi Hapkido döyüş növü üzrə şəhər birinciliyinə qatılan kursantlar da yüksək nəticələrə nail olublar. Belə ki, hərbi institutun kursantları yarışlara 2 yaş qrupu üzrə qatılaraq 13 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar.

Gənc müdavimlərin növbəti uğuru da mayın 5-də “Bakı Marafonu 2024” layihəsi çərçivəsində keçirilən "Küləyə qalib gəl" marafonunda uğurlu çıxışlarına görə medalla təltif edilmələri olub.

Peşəkar zabit kadrları hazırlayan Heydər Əliyev adına Hərbi İnstitutun kursantları respublika miqyaslı yarışlarda uğurla çıxış edir və institutun idman şərəfini layiqincə qoruyurlar.

Qeyd edək ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari il mayın 30-dək uzadılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
3
azertag.az

4Mənbələr