AZ

Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır



Azərbaycan-Belarus münasibətləri zamanın sınağından çıxıb və bu iki ölkənin etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Məhz bu səmimi dostluq əlaqələri də dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı aparılan müzakirələrin gedişində də bütün bu vacib məqamlar bir daha öz təsdiqini tapdı. Dövlət başçılarının keçirdikləri geniş tərkibdə görüş zamanı cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Eyni zamanda da Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır ki, bu da həm iqtisadi, həm də siyasi baxımdan çox önəmli bir məsələdir. Qarşılıqlı əlaqələrin yaxın perspektivində böyük potensiala əsaslanan əmtəə dövriyyəsinin artması və sənaye kooperasiyası, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş imkanlar aydın görünür. Mətbuata bəyanatla etdiyi çıxışında dövlətimizin başçısı bütün bu məsələlərə ətraflı toxundu. İlk növbədə cənab Prezident İlham Əliyev bildirdi ki, Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək. Əldə olunan razılaşmalar əsasında yeni müəssisələr yaradılacaq, yeni iş yerləri açılacaq, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiriləcək.

Ən diqqətəlayiq məqamlardan biri də budur ki, Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Bu gün Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərini bərpa edir. Burada infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Bu işlərə qoşulmaq üçün Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var və bütün bunların tətbiqi gözəl nəticələr verəcək.

Əlbəttə ki, aparılan müzakirələrdə regional təhlükəsizlik məsələləri vacib yer alıb. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır və bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. XXI əsrdə yeganə istisna Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla öz ərazisində münaqişəni həll etməsi olub. Azərbaycanın bu təcrübəsi bütün dost ölkələr üçün də çox vacibdir.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
aia.az

1Mənbələr