AZ

Çinin Tacikistana yatırdığı sərmayənin həcmi açıqlandı

Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub. Musavat.com xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbəyə iki günlük səfərə gələn Çinin xarici işlər naziri Vanq Yi ilə görüşündə qeyd edib.

O qeyd edib ki, Çin ölkəsinin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarından biridir.

Rəhmonun sözlərinə görə, Tacikistan tərəfi Çinlə yaşıl və rəqəmsal iqtisadiyyat, süni intellekt və yaşıl texnologiyalardan istifadə etməklə istehsalın yaradılması sahələrində əməkdaşlığın qurulmasında maraqlıdır.

Görüşdə təhlükəsizlik, o cümlədən müasir təhdid və çağırışlarla mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ŞƏT çərçivəsində, “Mərkəzi Asiya plus Çin” formatında və digər beynəlxalq və regional strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.

Mətbuat xidmətinin yaydığı videoçarxda prezident qeyd edib ki, “ən yüksək səviyyədə gözlənilən təmaslar və görüşlər nəzərə alınmaqla bu il ikitərəfli münasibətlərdə mühüm mərhələ olacaq”.

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbinin verdiyi məlumata görə, XİN rəhbəri mayın 18-dən 21-dək Qazaxıstan və Tacikistanda rəsmi səfərdə olacaq, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin mayın 21-də Astanada keçiriləcək Şuranın iclasında iştirak edəcək.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
musavat.com

1Mənbələr