AZ

Qarabağın tarixi şöhrəti özünə qaytarılır

Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əmri ilə sentyabrın 27-dən  qətiyyətli əks-hücum əməliyyatlarına başlayan şanlı Azərbaycan Ordusunun zəfər yürüşü ilə 30 illik Vətən həsrətimizə, Qarabağ nisgilimizə son qoyuldu. 44 gündə müzəffər Azərbaycan Ordusunun  şücaəti, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına sayəsində şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz yağı düşməndən azad edildi.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə ilahi ədalət bərpa edildi və Qarabağa Böyük Qayıdışın əsası qoyuldu. Artıq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində Azərbaycan hökuməti tərəfindən müvafiq addımlar atılır, intensiv fəaliyyət həyata keçirilir. Bu fonda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır.

Dövlətimizin başçısının Qarabağ Dirçəliş Fondunun yaradılması haqqında Fərmanında qeyd olunduğu kimi otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır”.
İşğaldan azad edilmiş ərazilərin respublikamızın ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması ölkə iqtisadiyyatının gücünü artıracaq, regionda qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını əlverişli şərait yaradacaq, işğaldan azad edilmiş ərazilərin inkişafına ciddi təkan verəcək.

Düşmən işğalından azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri həll olunur. Genişmiqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektoru üçün yeni imkanlar açır. Azərbaycanın 30 illik işğal dövründə erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərinin yenidən qurularaq inkişaf etdirlməsi ilə əlaqədar planlar hazırlanır. Bütün bunlar  müasir texnologiyaya və elmi-texniki potensiala əsaslanmaqla həyata keçirilir. Dövlət başçısının bildirdiyi kimi ,azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulur.

Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə böyük kənd təsərrüfatı potensialı və xam torpaq sahələri var. Uzun müddət istifadəsiz qalan torpaq sahələrinin yararlı hala gətirilməsi, deqradasiya proseslərinin aradan qaldırılması nəticəsində,  meliorasiya və irriqasiya sistemlərinin qurulması sayəsində taxılçılığın, üzümçülüyün, bağçılığın, kartofçuluğun, heyvandarlığın, tütünçülüyün, quşçuluğun və sair sahələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə ediləcək. Bütün bunlar bölgənin Azərbaycanın iqtisadiyyatında payını artırmağa gətirib çıxaracaq.

Yeri gəlmişkən, artıq bir sıra dövlətlər, xarici şirkətlər işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətlərində olduqlarını bəyan edirlər. Əslində  bu, çox müsbət haldır. Çünki dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin bu işə cəlb edilməsi bərpa prosesinin daha sürətlə aparılmasına şərait yaradacaq, işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulmasında, əhalinin məşğulluğunun təmin edilməsində əlavə təkana çevriləcək. Yağı tapdağından azad olinmuş ərazilərdə  təbii sərvətlərin, mineral ehtiyatların və faydalı qazıntıların işlənilməsi də investisiyaların qoyuluşu baxımından böyük  perspektivlər vəd edir.

Təbii ki, bütün bunlar Qarabağın yenidən qurulmasına, sürətlə inkişaf etməsinə və çiçəklənən diyara çevrilməsinə böyük töhfələr verəcək, onun tarixi şöhrətini özünə qaytaracaq.
 
A.Kərimli,
YAPXətai rayon təşkilatının üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
ikisahil.az

1Mənbələr