AZ

Sevgilisi tərəfindən döyülən qadın danışdı: “Saçımdan tutaraq başıma vurdu…” — TƏFƏRRÜAT

Şəmkir rayonunda 1993-cü il təvəllüdlü Sərxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu sevgilisi Südabəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 2-də baş verib. 

Sərxan həmin gün, saat 21 radələrində fərdi yaşayış evində qeyri-rəsmi münasibətdə olduğu Südabə ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə sifət nahiyəsindən vurub, saçından tutaraq yolub. 
Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Südabə ilə qeyri-rəsmi münasibətləri var: 

“Martın 2-də, saat 21 radələrində Südabə ilə birlikdə yaşadığımız evə sərxoş halda gəldim. Bu vaxt Südabə məni sorğu-suala tutdum və sərxoş vəziyyətdə evə gəlməyimi irad bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək əlim ilə Südabənin sifət nahiyəsindən vurdum, həmçinin saçından tutaraq dartdım”. 

İş üzrə zərərçəkmiş Südabənin sözlərinə görə, martın 2-də, saat 21 radələrində yaşadığı evində olarkən Sərxan sərxoş vəziyyətdə evə gəlib: 

“Bu zaman Sərxana içkili vəziyyətdə evimə gəlməməsini dedim. Sərxan isə “yaxşı edib içmişəm” deyərək mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı telefonu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istədim. Lakin Sərxan əlimdən vurdu və telefon yerə düşdü. Bundan sonra Sərxan əli ilə sifət nahiyəmdən vurdu. Həmçinin, saçımdan tutaraq başıma vurdu. Sonradan hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Lakin hadisədən sonra Sərxan məndən üzr istədi. Mən də onu bağışlayaraq barışdım”. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərxanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
demokrat.az

1Mənbələr