AZ

Qədim və nisgilli yurd foto hekayələrdə - Fotolar

Qədim

Qərbi Azərbaycanın nisgilli yurd yerlərindən biri də Qarakilsə rayonunun Dəstəgird kəndidir. Bərgüşad dağlarının ətəklərində yerləşən Dəstəgird nankor ermənilərə daim göz dağı olub. Təsadüfi deyil ki, kənddə yaşayan azərbaycanlılar tarixin müxtəlif dövrlərində deportasiya ediliblər. 1918-ci ildə daşnaklar növbəti dəfə qəddarlığa əl ataraq Dəstəgirddə qırğınlar törədib, kənd sakinlərini öz evlərindən qovublar. Azərbaycanlılar kəndə yalnız Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra qayıda biliblər.



1987-ci ilin statistikasına görə, Dəstəgirddə 1700 nəfərdən çox azərbaycanlı yaşayıb. Təəssüf ki, Qərbi Azərbaycandakı bütün soydaşlarımız kimi Dəstəgird camaatı da 1988-ci ilin noyabrında son nəfərinə kimi deportasiya olunublar. Tarixi torpaqlarından qovulan Dəstəgird sakinləri ölkəmizin müxtəlif rayonlarında məskunlaşıblar və doğma yurda dönəcəkləri günü böyük inamla gözləyirlər.



Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Baba yurdunun foto hekayəsi” adlı sərgi də Qarakilsə rayonunun Dəstəgird kəndinin deportasiyadan əvvəlki xoşbəxt günləri haqqındadır. Sərgilənən fotolar 1940-1988-ci illəri əhatə edir. Bu sənədli fotolar da sahibləri kimi ağrılı-acılı yurd nisgilli illər, qaçqınlıq həyatı yaşayır. Fotoşəkillərdə gələcək faciələrdən xəbərsiz, gülümsəyən uşaqların indi 60-70 yaşları var və bu sərgidə onların keçirdiyi hissləri, duyğuları görmək tədbir iştirakçılarında qəribə anlar yaşatdı.



Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə nümayiş olunan sərginin təşkilatçıları Qərbi Azərbaycanın Qarakilsə rayonunun Dəstəgird icması və Azərbaycan Fotoqrafları Birliyidir.

Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
reyting.az

1Mənbələr