AZ

Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

Azərbaycanın dost, qardaş, strateji tərəfdaş kimi dəyərləndirilməsi dövlətimizin xarici siyasətinin dəyişməz prinsiplərinin nəticəsidir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələrin qurulması ilə yanaşı, beynəlxalq hüquq və ədalət daim öndə dayanır. Azərbaycan dövləti heç bir ölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, digər ölkələrin də daxili işimizə müdaxiləsini yolverilməz hesab edir. Azərbaycan hər zaman tarixi ədalətin və beynəlxalq hüququn yanındadır. Dövlət başçısı İlham Əliyev mayın 16-17 tarixlərində ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşlərində, mətbuata birgə bəyanatlarında da diqqəti dünyada vəziyyətin sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişməsinə, yeni münaqişələrin, yeni qeyri-sabitlik ocaqlarının yaranmasına yönəldərək təəssüf hissi ilə bildirdi ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla öz münaqişəni həll etdi.Prezidentlərin görüşündə, mətbuata birgə bəyanatlarında iki ölkə arasında münasibətlərin dünəni, bu günü və perspektivlər müzakirə edilməklə bərabər, diqqət işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, Belarus şirkətlərinin bu prosesdə iştirak etmək istəklərimizə yönəldildi. Cənab İlham Əliyev qeyd etdi ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək. Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olundu. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə diqqəti yönəldərək bildirdi ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik: “Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.”Belarus Prezidenti Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən, işğal altında olan torpaqlarımızın azad edilməsindən, bu ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən bəhs edərək vurğuladı ki, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək lazımdır. Bu, az iş deyil. Çünki bu, keçmişin ağır fəsadlarıdır, amma torpaqlar qaytarılıb və onları dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunmüddətli ağır problem və vəzifədir: “Mən hələ müharibədən əvvəl İlham Heydər oğlu ilə bu problemi müzakirə etdiyimiz vaxtları xatırlatdım. Həmin vaxt o mənə deyirdi ki, qarşıda insanları qaytarmağın lazım olacağı çox ağır dövr durur. Siz çox düzgün kurs götürmüsünüz. İnsanları qaytarmaq azdır, onları yaxşı, rahat evlərdə yerləşdirmək lazımdır, çünki bir çoxları artıq şəhərlərdə anadan olublar. Amma bu da azdır. Yeni iş yerləri yaratmaq lazımdır. Mən ilk dəfə belə bir həcm barədə eşitdim ki, bu, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahədir. İlham Heydər oğlu, bu torpaqları dirçəltmək üçün hələ uşaqlar da çox iş görməli olacaqlar.” Aleksandr Lukaşenko işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərinə dəstək göstərməyə hazır olduqlarını bildirdi: “Əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.”Azərbaycan və Belarus dost, strateji tərəfdaş olduqlarını sözdə deyil, əməldə təsdiqləyirlər. Münasibətlərin qarşılıqlı etimada əsaslanması əlaqələrin səmimi ruhda davam etdirilməsində özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev bu səfəri dostluq və hörmət əlaməti kimi dəyərləndirdi: “Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.”

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
sesqazeti.az

2Mənbələr