AZ

Ordudakı yeyinti ilə bağlı şok faktlar: “Bunu Nəcməddin Sadıkov tələb kimi qoymuşdu...”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin tabeliyində olan Maştağa hərbi kənd təsərrüfatı müəssisəsinin rəisi işləmiş Zahir Tağıyev şahid qismində ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımayıb: “Nizami müəllimi televizorda görmüşəm. İşlədiyim dövrdə Nizami müəllimlə heç bir əlaqəm olmayıb. Əsas mühasib Akif Umudovu tanımışam. Müdafiə Nazirliyinin hərbi hissələrinə tərəvəz və çörək verirdim. Köçürmələrdə gecikmə olması üçün Akif Umudovla işdən sonra görüşüb ona hörmət edirdim”.

Dövlət ittihamçısı bildirib ki, cinayət işinin materiallarından Zahir Tağıyevə məxsus olan 30-a yaxın şirkət var, həmin şirkətləri adları ilə sadalayıb və həmin şirkətlərin hamsının özünə məxsus olub-olmadığını soruşub. Zahir Tağıyev isə bu şirkətlərin hamısının özünə məxsus olmadığını deyib. Bildirib ki, özünə aid olan şirkətlər də var, yaxın qohumlarına məxsus olanlar da var: “Mən bu şirkətlərə mal tədarükünə kömək edirdim. Satınalma və Təhcizat İdarəsində isə Ceyhun və Zaman adlı sürücülər vasitəsilə onlara çatan pulu göndərirdim”.

Zahir Tağıyev Nizami Məmmədova pul vermədiyini, ittiham aktında səhv getdiyini deyib: “Mən qazancın 3 faizini Akif Umudova, 3 faizini isə Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanova göndərirdim. Akif Umudovla aramızda Nizami Məmmədovla bağlı söhbət olmayıb”.

Şahid Zahir Tağıyev sənədləri Akif Umudova verdiyini, Satınalmalar və Təchizat İdarəsi ilə isə müqavilə bağladığını deyib: “Əsasən 44 günlük müharibə gedən vaxtı hərbi hissələri ərzaqla təmin eləmişəm. Hətta hərbi hissələrə 30-40 min manatlıq humanitar yardım da göndərmişəm. Belə ki, məndən qabaq bir neçə şirkət tərəvəz verməkdən imtina elədi, çatdıra bilmirdilər. Mənim şirkətlərim isə tələbatı çatdırırdılar”.

Bundan sonra ifadə verən Rəhim Laçınov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində Təmir şöbəsinin müdiri işləyib, hazırda təqaüddədir. O, əsasən şirkətlər tərəfindən işlədiyi idarəyə göndərilən faizlərə nəzarət edib və həmçinin həmin pulları lazımi şəxslərə çatdırdığını deyib: “Hərbi hissələrin təmir işlərinin demək olar hamısını şirkətlər görürdü. İşləri əksər hallarda tenderə çıxarırdıq. Kim qalib gəlirdisə onlarla da işləyirdik. Şirkətlərlə danışıqları Fikrət müəllim aparırdı. Şirkət rəhbərinə ümumi bir rəqəm deyilirdi. Onlarda həmin məbləğləri mənim vasitəmlə Fikrət müəllimə çatdırırdılar. Sənədləşmə prosesində Təmir bölməsinin müfətişləri iştirak edirdilər, sonda isə həmin sənədləri imzalayırdılar”.

Daha sonra Rəhim Laçınovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən bir hissə elan edilib. Həmin ifadədən məlum olur ki, tenderdə qalıb gələn şirkətlərlə danışıqlar olduqdan sonra qalan məbləğin “otkat” hissəsi idarəyə qayıdıb: “Bu qaydanı Baş Qərargah rəisi Nəcməddin Sadıkov bir tələb kimi qoymuşdu. Bizdə bilirdik ki, pullar şirkətlərin hesabına köçürüldükdən sonra “otkat” şəkilində geri qaytarılmasını Nəciməddin Sadıkov tərəfindən tələb olunub. Fikrət Mirzəyev ifadə verənə kimi təxmini bu qərardan məlumatım var idi. Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıqovun yaxınlarına məxsus idi. Misal üçün, “İmpuls” MMC, “Mark LTD” və digərləri. Nəcməddin Sadıkov bu şirkətləri Fikrət Mirzəyevə tapşırmışdı. Fikrət müəllim də mənə bildirmişdi ki, bu şirkətlərin işlərinə qarışmayaq. Yəni onlardan “otkat” alınmırdı”.

Rəhim Laçınova ibtidai istintaqda verdiyi ifadəsi xatırlandıqdan sonra Nəcməddin Sadıkovun adını çəkməsinə belə aydınlıq gətirib: “Mən tender komissiyasının 5 üzvündən biri olmuşam. Mənə heç bir məbləğ verilmirdi, ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi. Ancaq mən görməmişəm ki, Fikrət Mirzəyev aparıb Maliyyə İdarəsinə pul versin, ancaq deyirdi verirəm. Onun ifadəsi əsasında da məndə ibtidai istintaqda ifadə vermişəm”.

Daha sonra general Nizami Məmmədovun “Maliyyələşmə gedəndə bilirdiniz ki, hansı firmaya nə qədər pul köçürürük?” sualına şahid belə cavab verib: “Yox, mən sənədləri görmürdüm. Amma müqavilənin qiymətini görürdük. Şirkətlər müqavilələri Fikrət müəllim olmayanda mənə verirdilər. Ümumi köçən məbləğin 3 faizini Maliyyə İdarəsinə verirdik”.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin “3 faizi maliyyələşməyə nəyə görə verirdiniz” sualına şahid belə cavab verib: “İbtidai istintaq Nizami müəllim tutulandan sonra bizdən ümumi hesabatı istəmişdi. Müstəntiq hesabata baxıb bizə suallar verirdi, bizdə təsdiq edirdik. Fikrət Mirzəyevin ifadəsi həmin hesabata uyğun yazılıb. Məndə onların dediklərinin düz olduğunu görüb təsdiq edərək ifadə vermişəm”.

Daha sonra Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən işlədiyini deyib. Qeyd edib ki, 2017-ci ilin iyul ayından köçürülən pulların 18 faizinin ona çatdırılıb: “Həmin məbləğin 15 faizi Nəcməddin Sadıkova, 3 faizinin isə Maliyyə və Büdcə İdarəsinə göndərilib. Bütün bunları da Fikrət Mirzəyevin deməyinə əsasən yazmışam”.

Növbəti proses may 24-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
28
teleqraf.com

10Mənbələr