AZ

DYP-dən vətəndaşlara toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

Toy karvanları yollarda bəzi problemlər yaradır. İlk növbədə bu karvanlar digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törədir.  Yol boyu hərəkət zolaqlarını zəbt edən, yüksək sürətlə sürülən avtomobillərin müxtəlif səs siqnalları verməsi qaydalarla üst-üstə düşmür. Bunlarla yanaşı, bəzən toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntuları faciələrə səbəb olur. Dəfələrlə bu istiqamətdə tədbirlərin görülməsinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq.Elə ötən gün də oxşar qəza hadisəsi baş verib. Belə ki, toy karvanına yetişmək üçün tələsən sürücü  “VAZ” markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşub və 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Gundem.az-a açıqlama verilib.

Qurum məsələ ilə bağlı bir daha xəbərdarlıq edib: “Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə, bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər”.

Qurum əlavə edib ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir: “Bu həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”.

Seçilən
68
39
gundem.az

10Mənbələr