AZ

AMEA-dakı təhqiqat Ramiz Mehdiyevlə YEKUNLAŞMAYACAQ

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə oktyabrın 18-də keçirilən Kollegiya iclasında “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətinin oktyabrın 21-də yaydığı məlumatda isə qeyd olunub ki, Hesablama Palatasından daxil olmuş material əsasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov çalışdığı elm məbədi ətrafında baş verən proseslərlə bağlı Medianews.az-a açıqlamasında bildirib ki, Hesablama Palatasının apardığı audit yoxlaması, təftiş və təhqiqatlar, yalnız Ramiz Mehdiyevlə məhdudlaşa bilməz.

Onun sözlərinə görə, məhz R.Mehdiyevin himayəsi ilə, yaxud onun himayəsindən kənar əli cinayətə batmış, asan yolla varlanmış digər akademşəbəkə üzvləri məsuliyyətdən kənarda qalmamalıdırlar: “Prosesdə böyük bir dəstənin iştirakı şəksizdir. Nəhayət, bu zərərli şəbəkə zərərsizləşdirilərsə, başqalarına da dərs olar. Cəzanın olmaması cinayətkar ünsürləri həvəsləndirir. Bu zaman alim qılaflı şəxslərin nəcib ad altında törətdikləri daha təhlükəli və daha dağıdıcı olur. Yaxın illər ərzində bir neçə dəfədir ki, AMEA-da analoji yoxlamalr aparılır, qanunsuzluqlar, dövlət vəsaitinin aidiyyəti üzrə xərclənməməsi, dövlət əmlakına qəsd edilməsi, israf etmələr aşkarlanır. AMEA-da yeni yoxlamalar nəticəsində aşkarlanan faktlar üzrə cinayət işinin başlanması müsbət haldır. Məlumatda bildirilir ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaiti təyinatı üzrə istifadə edilməyib. Xatırladım ki, AMEA prezidenti postunu 2019-cu ilin oktyabr ayından 2022-ci ilin fevralına qədər Ramiz Mehdiyev, 2022-ci ilin oktyabr ayından bu günə qədər isə onun çevrəsinə daxil olan yaxın dostu İsa Həbibbəyli tutur. İ.Həbibbəyli 2013-cü ildən AMEA-nın vitse-prezidenti və eyni zamanda Ədəbiyyat İnstitutunun direktorudur. Onu da qeyd edim ki, 10 il bundan əvvəlki dövr asraşdırılsa, daha dəhşətli mənimsəmə və israfçılıq faktlarının üzə çıxacağı şübhəsizdir”.

Seçilən
63
3
publika.az

10Mənbələr