AZ

BRICS-ə üzv olmaq Azərbaycana nə qazandıracaq? – Deputatdan MÜHÜM AÇIQLAMALAR

Kazanda BRICS liderlərinin görüşü başlayıb. İclasda Rusiya Prezidenti Vladimir Putin çıxış edib. O, BRICS-in məhdud tərkibdə iclasında maliyyə əməkdaşlığının dərinləşdirilməsi, birliyin effektivliyi saxlanılmaqla genişləndirilməsini müzakirə etməyi təklif edib. Eləcə də Putin kəskin regional münaqişələrin nizamlanmasının müzakirə olunacağını söyləyib.
 
 
Bu barədə  Moderator.az-a açıqlama verən millət vəkili Elman Nəsirov qeyd edib ki, BRICS  sammiti  oktyabr ayının 22-dən 24- nə qədər keçiriləcək:
 
 “2006-cı  ildə 4 dövlətin formalaşdırdığı, 2010-cu  ildə 5 ölkənin iştirak etdiyi  bu təşkilatda artıq bu ilin yanvar ayından 10 dövlət təmsil olunur. Kazan tədbirində isə 33 dövlətin iştirakı gözlənilir. Onların 24-ü dövlət başçısı səviyyəsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu tədbirə Rusiya prezidenti Putin tərəfindən dəvət alıb. Rotasiya qaydası üzrə 2024-cü  ildən bu quruma sədrlik Rusiyaya keçib”.
 
Müasir beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verdiyini deyən millət vəkili vurğulayıb ki,  dünya qütüblü dünyaya keçid prosesini yaşayır:
 
 “Müxtəlif güc mərkəzləri formalaşıb və əslində bugünkü dünyamız qlobal cənub və qlobal şimaldan ibarətdir. Faktiki olaraq bu iki qütb arasında bu gün çox ciddi ixtilaflar mövcuddur. Bugünkü reallıq odur ki, Birləşmiş Ştatların hegemonluğuyla barışmayan dövlətlər bir araya gəlib bu böyük təşkilatı  formalaşdırıblar. Doğrudan da bu gün bu təşkilat çox böyük resurslara malikdir. Nəzərə alsaq ki, BRICS- in tərkibinə daxil olan dövlətlər dünya ərazisinin  34 %-ni , dünya əhalisinin 45 %-ni, dünyada istehsal olunan məhsulların isə 36,7 %-ni təşkil edirlər. Təxminən, BRICS-in tərkibinə daxil olan dövlətlər  2030-cu ildə dünyada istehsal olunan ümumi daxili məhsulun 50%-ə malik olmaq iddiasındadırlar. Doğrudan da, çox böyük rəqəmlərdir və  BRICS, sözün həqiqi mənasında dünyanın yeni, çox güclü bir güc mərkəzi kimi formalaşmaqdadır”.
 
Elman Nəsirov bildirib ki, Azərbaycan dövləti də bu qurumda təmsil olunmaq niyyətini ortaya qoyub:
 
“Şanxay Əməkdaşlıq Təşkilatının bu ilin iyul ayının üçündə Astanada keçirilən zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Prezident Çinin rəhbəri Si Cinpin ilə Strateji tərəfdaşlığa dair bəyannamə imzalayarkən də vurğuladı ki, Azərbaycan BRICS təşkilatına üzv olmaq niyyətindədir. Avqust ayında rəsmi şəkildə bu müraciətimizi etmişik və keçirilən bu sammit çərçivəsində Azərbaycanın tamhüquqlu üzv olması gözlənilir. Rusiya və Çinin bizim üzvlüyümüzü  müdafiə etdiyi də bəllidir. Azərbaycanın bu təşkilata üzvlüyü ilk növbədə bizim iqtisadi maraqlarımızdan irəli gəlir. Dediyim kimi, bu qurumun çox ciddi iqtisadi potensialı var və Azərbaycan dövləti faktiki olaraq dünyanın ən böyük əraziyə, ən böyük əhaliyə və ən böyük iqtisadiyyata malik , onluğuna düşən dövlətləri ilə bir sırada dayanacaq . Bu təşkilata üzvlük Azərbaycana çox ciddi investisiya cəlbi baxımından da əhəmiyyətlidir. Nəzərə alsaq ki, Azərbaycan həm də Orta Dəhlizin  mühüm ölkələrindən biridir və Çindən gələn malların Avropaya çatılmasında da bizim potensialımız böyükdür. Bu sahədə bizim ciddi infrastrukturlarımız var. Nəticə etibarilə Azərbaycanın BRICS- ə daxil olması Azərbaycanın iqtisadi inkişafı və investisiya cəlbi baxımından böyük imkanlar aça bilər və istənilən halda Azərbaycanın bu təmsilçiliyi heç bir üçüncü tərəfə yönəlməyib. Bu, Azərbaycanın sırf iqtisadi maraqlarından irəli gələrək atılan bir addımdır".
 
Mehin Mehmanqızı
 
Seçilən
123
50
moderator.az

10Mənbələr