“Lakin bütün mübarizəyə rəğmən ölkədə hələ də Rusiya agenturası, eləcə də media və sosial şəbəkələrdəki dezinformasiya kanalları mövcuddur...”
“Mən Moldovadakı seçkilərlə bağlı prosesləri ciddi şəkildə izləyirəm. Və hazırkı prezident Maya Sandunun seçkiöncəsi bir müsahibəsinə baxdıqdan sonra belə bir nəticəyə gəlmişdim ki, onda qələbəyə əminlik azdır. Bununla yanaşı, Gürcüstandakıyla müqayisədə Kremlin Moldovada baş verənlərlə bağlı dezinformasiya hücumu daha güclü işlədi. Düzdü, Gürcüstanda da həmin yalan və şayiələrə xeyli inananlar oldu. Fəqət, Moldovada bu daha “yaxşı” baş tutdu. Yəni cəmiyyətin xeyli hissəsi əsasən o rusiyapərəst təbliğata inandı ki, guya Sandu və Qərb tərəfdarları qalib gəlsə, Moldova Ukraynanın gününə düşəcək. Və bunun nəticəsində prezident seçkiləri ikinci tura qaldı”.

Bu fikri Moderator.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ifadə edib:
“Avropaya inteqrasiya ilə bağlı referendumda həmin prosesin tərəfdarları qalib gəlsələr də, gözlənildiyindən daha az səs topladılar. İndi yaşayıb görəcəyik. Hələlik gördüyüm budur ki, seçkilərin ikinci turunda Sandunun qələbə şansı yenə də çoxdur. Çünki Moldova cəmiyyəti Gürcüstandakından fərqlənir. Xalqın sosial durumu xeyli pisdir. Yoxsulluq, işsizlik daha çoxdur. İnsanlar Qərbə, yaxud Rusiyaya yaxınlaşmaqdan daha çox öz maddi rifahlarını düşünürlər.
Hələlik xanım Sandunun, dediyim kimi, qalib gələcəyinə ümid edirəm və bunu arzu edirəm. Və məncə də o, qalib gələcək. Lakin Qərbə inteqrasiya məsələlərində müəyyən ləngimələr də ola bilər. Çünki bütün mübarizəyə rəğmən ölkədə hələ də Rusiya agenturası, eləcə də media və sosial şəbəkələrdəki dezinformasiya kanalları mövcuddur”, -deyə davamında analitik diqqətə çatdırıb.
Sultan Laçın