Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsi cümə axşamı genişləndirilmiş iclasında "Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar” mövzusunda müzakirələr keçirib. İclasda Saxarov Düşüncə Mükafatının finalçısı Qubad İbadoğlunun nümayəndəsi, hüquqşünas Jalə Bayramova, jurnalist Arzu Qeybullayeva və Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi Aleksandros Sabou çıxış ediblər.
Natiqlər Azərbaycanda siyasi təqiblərin, qanunsuz həbslərin və insan haqları pozuntularının geniş yayılması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar Avropa Parlamentinin üzvlərinin bu mövzu ilə bağlı suallarını cavablandırıblar.
Qubad İbadoğlunun qızı Jalə Bayramova siyasi həbslərin artdığını vurğulayaraq öz ailəsinin həm ölkə daxilində, həm də transmilli səviyyədə baş verən qanunsuzluqların qurbanı olduğunu bildirib.
O, Qubad İbadoğlunun sağlamlıq vəziyyətinin kritik olduğunu və təcili ürək cərrahiyyəsinə ehtiyac duyduğunu qeyd edib. Bayramova Azərbaycan hökumətini atasının ölkədən çıxışına qoyulan qadağanın dərhal ləğv etməyə çağırıb.
İnsan Haqları Alt Komitəsinin sədri Mounir Satouri, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova rəsmi məktub göndərdiyini bildirib.
Məktubda Qubad İbadoğlunun Saxarov Mükafatının təqdimetmə mərasimində iştirakını təmin etmək üçün onun səyahət qadağasının qaldırılmasının vacibliyi qeyd edilib. Satouri, həmçinin, Azərbaycan rəsmiləri ilə bu məsələ ətrafında dialoqa hazır olduqlarını vurğulayıb.
Avropa Parlamentinin üzvü Bernard Getta da çıxışında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyeni İbadoğlunun mərasimdə iştirakını təmin etmək üçün zəruri addımlar atmağa çağırdığını bildirib.
Jurnalist Arzu Qeybulla Azərbaycanda müstəqil medianın qarşılaşdığı ciddi çətinliklərdən danışıb, Aleksandros Sabou isə vətəndaş cəmiyyətinin və intellektual azadlığın daraldığını vurğulayıb. Hər iki çıxışçı, siyasi məhbusların, o cümlədən Bəhruz Səmədov, Rüfət Səfərov, Anar Məmmədli və Dr. Qubad İbadoğlunun azad edilməsini tələb ediblər.
N.Təbrizli
www.anews.az