AZ

Keçmişlə indiki nəsli müqayisə etməməliyik

“Hazırkı nəsil”lə “əvvəlki nəsil” arasında müqayisə aparsaq, ümumi işimizdə uduzmuş olarıq.TehsilForumu.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.Ekspertin sözlərinə görə, geriyə nəzər salmadan irəliləmək, geriliyi aradan qaldırmaq üçün əlavə səy göstərməkdən başqa bir şey deyil:“Müdriklərin "Bizim mövcudluğumuz fasiləsiz olaraq keçmişə doğru gedişdir”, "Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır”, "İnsan gləcəyə öz keçmişinin çiynində gedir”, "Keçmiş indinin virtual məkanıdır”, "Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar” ,"Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür” və s. bu kimi deyimləri ilə kimlərinsə razılaşıb-razılaşmadığından asılı olmayaraq, çox illik təcrübəmə əsaslanaraq bu qənaətdəyəm ki, geriyə nəzər salmadan irəliləmək, geriliyi aradan qaldırmaq üçün əlavə səy göstərməkdən başqa bir şey deyil. Bunu ilk vaxtlar tələskənlik və bu günün özündə isə keçmişimizə etinasızlq nəticəsində yol verdiyimiz yanlışlıqların bir neçə nümunəsində nəzərdən keçirməyə çalışaq.Təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri də, məhz 80-cı illərin ortalarına aid edilə bilər. Bu ilkə imza atılması nəticəsində “SSRİ tarixi” ümumi kursunun tərkibində, onunla  əlaqədə - sinxron şəkildə öyrənilən Azərbaycan tarixi ayrıca fənn kimi keçirilməyə və attestata ayrıca qiymət yazılmağa başlandı. Tarixdən yeni proqramın fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, məzmunun ideya-nəzəri səviyyəsi yüksəlir, onun tərbiyəvi, dünyagörüş təsiri gücləndirilir, şagirdlərin yaş imkanları və ayrılmış vaxta müvafiq olaraq bilik, bacarıq və vərdişlərinin optimal həcminin müəyyənləşdirilməsi və həyata hərtərəfli hazırlanması tam və bütövlük halında həllini tapırdı.İlk növbədə qeyd edim ki, Latviyanın paytaxtı Riqa şəhərində aspirant və gənc alimlərin növbəti Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi bir müəllimin stolunun üstündə “Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi. Dərs başa çatdıqdan sonra müəllimlər otağında həmin müəllimlə xeyli söhbətləşdik. Məlum oldu ki, onlar “SSRİ tarixi” və “Ümumi tarix”lə yanaşı, “Latviya tarixi”ni də ayrıca fənn kimi tədris edirlər və attestata da həmin fənn üzrə qiymət ayrıca qeyd olunur. Maraqlı cəhət isə ondan ibarət idi ki, onlardan fərqli olaraq bizdə, həmçinin digər müttəfiq respublikalarda ölkə tarixi ayrılıqda deyil, məhz “SSRİ tarixi”nin tərkibində öyrənilir və vahid fənn olaraq qiymətləndirilirdi. Yəni, “SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.İşgüzar səfərdən qayıdan kimi səfərlə bağlı fikirlərimi Nazirliyin rəhbərliyi ilə bölüşdüm. Müstəqil proqram üzərində işləmək mənə həvalə olundu.Təhsil Nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1985-cı ildə işıq üzü gördü. Həmin proqram əsasında “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. O dönəmdə mənim də azacıq payım olan belə bir cəsarətli addımı yalnız vətənsevərlər və onların arxasında dura bilən şəxsiyyət ata bilərdi”.N.İsrafilov qeyd edib ki, uzun müddət keçməsinə, tarix üzrə proqram və dərsliklərdə dəfələrlə kifayət qədər dəyişiklik və yeniləşmə edilməsinə baxmayaraq, bu sahədə hələ də təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac duyulur:“Bu gün də fəxr edirəm və qürur duyuram ki, məhz Sovet dönəmində, belə bir ilkə imza atılmasında mənim də payım olub. Azərbaycan tarixinin müstəqil fənn kimi tədris planına salınması və attestata ayrıca fənn kimi qiymət yazılmasının təşəbbüsçüsü, ilk Azərbaycan tarixi proqramının tərtibçisi, bundan əlavə 678 saatlıq “Tarix proqramı” ilə 82 saatlıq Azərbaycan tarixi materialının ümumi tədris planı ilə əlaqələndirilməsi və uzlaşdırılması böyük hövsələ və gərgin zəhmət tələb edən bir iş idi. Lakin əsas zəhmət və gərginlik hələ qarşıda idi. “Azərbaycan tarixi” dərslikləri də yeni proqrama uyğun olaraq təkmilləşdirilməli və yeniləşdirilməli idi. Nazirlikdə dərsliklərlə bağlı məsələ müzakirə edilərkən qərara alındı ki, ilkin olaraq X-XI siniflər üçün nəzərdə tutulmuş və istifadədə olan “Azərbaycan tarixi” dərsliyindən başlamaq lazımdır. Çünki, daha çox dəyişikliyə məruz qala biləcək vəsait məhz həmin dərslik idi.Dərsliyin müəllifi də məhz təhsil idarəetməsinin rəhbər işçisi idi. Əlbəttə, bu postda dərslik üzərində işləmək onun vəzifə imkanları daxilində olmadığından müəyyən bir köməkçiyə eytiyac duyulurdu. Proqramın tərtibçisi kimi belə bir yardımçı funksiyası mənə həvalə edildi. 40 illik bir müddət keçməsinə, tarix üzrə proqram və dərsliklərdə dəfələrlə kifayət qədər dəyişiklik və yeniləşmə edilməsinə baxmayaraq, bu sahədə hələ də təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac duyulur.Xüsusilə də məzmunun həddindən artıq mürəkkəb və ikinci dərəcəli materiallardan azad edilməsi, bir çox mətnlərin isə daha anlaşıqlı və inandırıcı şəkildə işlənməsi sahəsində. Dərsliklərimizdə Zəfər qələbəmizin parlaq səhifələrinin əks etdirilməsi isə ayrıca bir mövzunun söhbətidir. Bunu hazırkı nəsil etməlidir.Kimin tərəfindənsə uğursuz müqayisə kimi görünə bilsə belə, “Böyük Vətən müharibəsi” illərində xalqı Vətən uğrunda mübarizəyə səsləyən müqəddəs bir şüar vardı: “Sən Vətən üçün nə etmisən?” Hamı nəsə etməyə çalışırdı. Öndəkilər ön cəbhədə, arxadakılar arxa cəbhədə. Bəlkə də, məhz bu çağırış, böyük qələbənin əsas mənbəyi oldu.Sonrakı Zəfər qələbəmiz də xalqımızın böyüklüyü və həmrəyliyi, dövlətçiliyimizə sədaqəti sayəsində baş verdii. Çünki, bu mübariz gəncliyi yaşlı və təcrübəli nəsil yetirmişdi. Bu gün, yaşlı və gənc olmasından asılı olmayaraq hər kəsi bir sual düşündürməlidir: “Mən təhsilimiz üçün nə edə bilərəm...?” Heç olmasa ona görə ki, təhsil həm də ümummilli məsələdir. Millətin isə keçmişi-indisi, böyüklüyü-kiçiklyi olmur. Keçmişimizlə indimiz, habelə yaşlı nəsillə gənc nəsil arasında qarşıdurma yaratmaqa uduzan nə indimiz, nə keçmiş olacaq. Uduzan, ancaq gələcəyimiz olacaq”.

Seçilən
52
2
tehsilforumu.az

3Mənbələr