İngiltərənin “Börnli” klubunun mərkəz yarımmüdafiəçisi Han-Noa Massenqo bundan sonra “Oser”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi əslən Konqodan olan fransalı futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Han-Noa Massenqo peşəkar karyerasına “Monako”da başlayıb. O, daha öncə İngiltərədə “Bristol Siti”nin də formasını geyinib. Fransalı futbolçu məhz “Bristol Siti”də olarkən “Oser”də icarədə də çıxış edib. O, 2023-cü ildə bu komandanın heyətində meydana çıxdığı 13 oyunda 1 assistlə yadda qalıb.
Massenqo “Börnli”yə 2023-cü ilin avqustunda azad agent kimi qoşulub. O, İngiltərə klubunun heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Han-Noa Fransanın U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Oser”in müdafiəçisi Teo Pellenar Liqa 1 təmsilçisindən ayrılaraq “Laval”a keçib. 30 yaşlı fransalı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 2027-ci ilin 30 iyununa qədər anlaşıb.
“Bordo”nun yetirməsi olan Teo Pellenar “Bordo”nun yetirməsidir. “Paris”, “Anje” və “Valansyen” kimi klubların da formasını geyinmiş müdafiəçi 2021-ci ildən “Oser”in uğurları üçün çalışırdı. Təcrübəli futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 76 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Teo Pellenar Fransanın U-20 yığmasında oynasa da, əsas millidə forma şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.