AZ

Ermənilər Əli aşından da oldular, Vəli aşından da: “Moskva konkret addımlar ata bilər”

“Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) dərhal çıxması ölkə üçün ağır iqtisadi nəticələrə səbəb ola bilər. Çünki Ermənistanın xarici ticarət dövriyyəsinin əsas hissəsi bu qurum və onun üzvü olan ölkələrlə həyata keçirilir. Məhz Avrasiya İqtisadi İttifaqının təqdim etdiyi uyğun şərtlər Ermənistan iqtisadiyyatının sabitliyinə və ümumilikdə ölkənin ayaqda qalmasına dəstək verir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi son günlər İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında var-gəl etməsinin siyasi səbəblərini izah edib.

Onun sözlərinə görə, bu ittifaq çərçivəsində Ermənistan güzəştli gömrük şərtlərindən yararlanır və ixrac potensialının böyük bir hissəsi, xüsusilə Rusiya bazarlarına istiqamətlənir:

“Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, Avropa İttifaqına inteqrasiya strateji maraqlara cavab versə də, qısa müddətdə Avrasiya İqtisadi İttifaqının iqtisadi üstünlüklərini Avropa İttifaqı ilə əvəz etmək mümkün olmayacaq. Rusiya rəsmilərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrov və prezidentin mətbuat katibi Dmitri Peskovun, eləcə də Dövlət Dumasının bəzi nümayəndələrinin açıqlamaları göstərir ki, Ermənistanın eyni anda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması qeyri-mümkündür. Yəni Ermənistan bu iki istiqamətdən birini seçməli olacaq. Lakin Ermənistanın Avropa İttifaqına üzvlük müraciətinə baxılması, eləcə də üzvlüklə bağlı uzun proseslər nəzərə alınarsa, Ermənistan bu vəziyyəti manipulyasiya etməyə çalışa bilər”.

Analitik əlavə edib ki, burada əsas məsələ Rusiyanın mövqeyidir:

“Əgər Rusiya hesab etsə ki, Ermənistanın Avropa İttifaqına üzvlük qərarı onun maraqlarına ciddi ziddir, bu zaman Moskva konkret addımlar ata bilər. Əks halda, Ermənistanın hazırkı vəziyyəti, yəni Avrasiya İqtisadi İttifaqında üzv olaraq qalması davam edəcək. Lakin bu, ölkəyə ciddi fayda verməyə də bilər. Ermənistan hakimiyyətinin bu addımları atarkən Qərbdən müəyyən təminatlar aldığı ehtimal edilir. Ermənistanın həm əhali, həm də iqtisadiyyat baxımından böyük yük olmaması Qərbin bu məsələdə ölkəyə müəyyən dəstək göstərə biləcəyi ehtimalını artırır. Lakin Avropa İttifaqına üzvlük prosesinin çox sürətlə irəliləyəcəyini gözləmək çətindir. Bu, uzunmüddətli bir prosesdir və Ermənistanın namizəd statusu alması üçün də ciddi vaxt tələb olunur. Nəticədə, Ermənistanın həm daxili siyasi vəziyyəti, həm də beynəlxalq dəstək səviyyəsi bu prosesin hansı istiqamətə gedəcəyini müəyyən edəcək”.

Rafi Müslümov

Seçilən
43
47
yenicag.az

7Mənbələr