AZ

Bu fondun vəsaitlərinin formalaşma mənbələri genişləndirildi

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Demokrat.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilib.

Məqsəd fondun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsidir. Bununla da, əsasən qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürülmələrin edilməsi üçün hüquqi əsas yaradılır.

Ölkə Prezidentinin 1 mart 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun – elektrik enerjisi (bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur. Qanunun dəyişməsi ilə qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.

Seçilən
32
4
demokrat.az

10Mənbələr