Türkiyəli futbol mütəxəssisi Hakan Keleş Super Liqada mübarizə aparan “Kasımpaşa” komandasının baş məşqçisi postundan qovulub.
Arena.az bu barədə İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər.
52 yaşlı mütəxəssislə müqaviləyə ötən gecə Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində keçirilmiş “Kasımpaşa” – “Hatayspor” matçından dərhal sonra xitam verildiyi diqqətə çatdırılıb. Maraqlıdır ki, “Kasımpaşa” bu dramatik matçdan 5:4 hesablı qələbə ilə ayrılıb. Amma komandanın doğma meydanda autsayderə qarşı oyunda qapısından 4 qol buraxması klub rəhbərliyinin ürəyincə olmayıb.
Xatırladaq ki, Hakan Keleş 2024-cü ilin noyabr ayında “Kasımpaşa”nın baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Türkiyəli mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 2 qələbə qazanıb, 5 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb.
“Kasımpaşa” hazırda Türkiyə Super Liqasının yarış cədvəlində 25 xalla 12-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 5 qələbə qazanıb, 10 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. İstanbul təmsilçisi hələ ki, mövsümün ən çox heç-heçə etmiş komandasıdır.
Hakan Keleş daha öncə “Konyaspor”, “Sivasspor” və “Girəsunspor”un da baş məşqçisi olub.