![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/helicopters_270122_03.webp)
Heç bir hüquqi və ya fiziki şəxs helikopter hərracına müraciət etmədiyinə görə hərrac dayandırılıb
Bu il yanvar ayının əvvəlində elan edilmişdi ki, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan hava nəqliyyatı vasitələri - dörd helikopter 30 yanvar 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq. Lakin bu günlərdə - 27 yanvar 2025-ci il tarixdə, yəni hərraca 3 gün qalmış sifarişçi tərəfindən harracın dayandırıldığı barədə xəbər yayıldı.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti AZAL balansında olan helikopterlərin özəlləşdirilməsi ilə bağlı yanvarın 30-da keçirməyi planlaşdırdığı hərracı dayandırıb. Məlumatda qeyd edilir ki, hərrac sifarişcnin istəyi ilə dayandırılıb.
Cəmiyyət üçün maraqlıdır ki, bu helikopterlər nəyə görə satışa çıxarılmışdı və nədən onların satışı dayandırıldı.
Bu sualla bağlı AZAL-ın mətbat xidmətinə həm elektron poçt vasitəsi ilə, həm də mobil telefonla müraciət etmişik. Şirkətin mətbat xidmətinin rəhbəri Fərid Hüseynov bizimlə söhbətində bildirdi ki, sorğumuzu bir gün əvvəl alıb və dərhal şirkətin müvafiq orqanına yönəldib, cavab gələn kimi bizimlə əlaqə saxlayacağına söz verdi. Lakin günün sonuna qədər AZAL-ın mətbat xidmətindən cavab ala bilmədik. Ona görə də sualları digər müvafiq qurumlardan aldığımız məlumatlar və öz ehtimallarımız əsasında cavablandırmağa çalışdıq.
Onu da qeyd edək ki, helikopterlərin satılması qərarına da AZAL aydınlıq gətirməyib. Bu da anlaşılandır, AZAL həm də bir biznes strukturudur, müəyyən qərarları barədə izahat verməyə bilər. Amma bir tərəfdən də AZAL dövlət şirkətidir və dövlət şirkətinin hər bir addımını izləməyə cəmiyyətin haqqı var. Lakin AZAL bu addımları, yəni susmağı ilə cəmiyyətin haqqına girir.
O ki qaldı helikopterlərin hərraca çıxarılma səbəblərinə, ola bilsin bu helikopterlər elə vəziyyətdədir ki, onları təmir etməkdənsə, satıb yenisini almaq daha sərfəlidir. Bu həm də şirkətin helikopter parkının yenilənməsinə bir vəsilə olardı.
Hərracın dayandırılmasının səbəblərini öyrənmək üçün kiçik bir araşdırma apardıq. Ölkədə özəl şirkətlərin və fiziki şəxslərin helikopter almaq ehtimalı çox aşağıdır. Azərbaycanda helikopterləri xarici vətəndaşlar, şirkətlər və dövlət qurumları ala bilər. Bəs bu qurumlar hansılar ola bilər? Bu qurumlar ilk növbədə Fövqəladə Hallar Nazirliyi, SOCAR, TƏBİB, Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ola bilər. Helikopterlərdən biri həm də təcili yardım məqsədi ilə istifadə edilə bilərdi. Qalan üç helikopter müasir tipli və çoxməqsədli fəaliyyət üçün nəzərdə tutulub.
Əldə etdiyimiz məlumata görə, son 5 ildə SOCAR xərcləri azaltmaq məqsədi ilə balansında olan bütün helikopterləri və gəmilərin bir hissəsini uyğun dövlət qurumlarına təhfil verib. SOCAR-da düşünürlar ki, helikopter lazım olanda onu icarəyə götürmək daha səmərəlidir, nəinki balansda helikopter saxlayıb, ona il boyu xidmət göstərmək. Yəni SOCAR-ın bu hərracda iştirak etmək ehtimalı yoxdur.
Fövqəladə Hallar Nazirliyi adətən xüsusi funksiyalara malik helikopterlər alır. Bu hərracda isə elə bir model yox idi. Digər tərəfdən, adətən bu nazirlik yeni texnika almağa adət edib. Hərraca çıxarılan helikopterlərin ən "gəncinin" 20-dən yaxın yaşı var.
Səhiyyə Nazirliyi və TƏBİB-dən verilən məlumatlara görə, onların da hazırda helikopter almağa ehtiyacı yoxdur.
Eynilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də bildirdilər ki, onlar da yaxın gələcəkdə helikopter almağa ehtiyac duymurlar.
Hərrac elanına diqqət yetirirsinizsə, orada bildirilir ki, hərraclarda iştirak etmək istəyən şəxslər sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər. Bank günü qeyri-istirahət günlərində saat 10-dan 16-dək zamanı əhatə edir. Deməli, hərracın dayandırılması onun keçirilməsinə 3 bank günü qalmışa - sənəd qəbulunun bitdiyi günə təsadüf edir. Ona görə də, böyük ehtimalla, hərracda iştirak üçün müraciət edən olmadığına görə proses sifarişçi tərəfindən dayandırılıb.
Hərraca çıxarılan helikopterlərin texniki göstəriciləri barədə məlumatlar aşağıdakı kimidir.
2004-cu il buraxılışlı "SUPER PUMA AS 332 L1" helikopteri İspaniyada istehsal edilib.
AS 332 "Super Puma" (Fransız Aerospatiale AS.332 Super Puma) - Airbus Helicopters H215 (əvvəllər Eurocopter AS332 Super Puma) Fransız Aerospace şirkəti tərəfindən dizayn edilmiş və ilkin olaraq istehsal edilmiş orta ölçülü dörd qanadlı, iki mühərrikli helikopterdir. Sonradan Eurocopter və Airbus Helicopters törəmə şirkətləri tərəfindən istehsal edildi. Super Puma orijinal Aerospatiale SA 330 Puma-nın yenilənmiş və daha böyük versiyasıdır. Helikopterin ilkin hərrac qiyməti 1 milyon 239 min manat müəyyənləşdirilib.
Bununla yanası hərraca iki ədəd 2005-ci il buraxılışlı "Eurocopter EC155" markalı helikopter çıxarılıb.
Airbus Helicopters H155 (əvvəllər Eurocopter EC155 ) mülki aviasiyada istifadə üçün Dauphin ailəsinin törəmə şirkəti olan Eurocopter tərəfindən hazırlanmış uzun mənzilli orta qaldırıcı sərnişindaşıma helikopteridir. Bu, iki mühərrikli hava gəmisidir və müştərinin təklif etdiyi konfiqurasiyadan asılı olaraq 1 və ya 2 ekipajla birlikdə 13 sərnişini daşıya bilər. Helikopter sərnişin daşımaları, dənizdə dəstək, VIP korporativ daşımalar və zərərçəkənlərin daşınması üçün nəzərdə tutulur. 2015-ci ildə EC155 rəsmi olaraq Eurocopter-in Airbus Helicopters kimi korporativ rebrendinqinə uyğun olaraq H155 adlandırıldı. Bu modelin Airbus Helicopters H160 versiyası daha çox uğur qazanıb. Helikopter Almaniyada istehsal edilib.
Helikopterlərdən birinin start qiyməti 644 min, digərinin qiyməti isə 508 min manat təşkil edir.
Hərraca çıxarılan dördüncü helikopter 1992-ci ildə Rusiyada istehsal olanan "Mi-8MTV-1" hava gəmisidir.
Mil Mi-8 (rus: Mi-8, NATO hesabat adı: Hip) ilk olaraq 1960-cı illərdə Sovet Mərkəzi Aerohidrodinamik İnstitutu (TsAGI) tərəfindən dizayn edilmiş və 1968-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə təqdim edilmiş orta ölçülü iki turbinli helikopterdir. Hava gəmsi modelinin Rusiyada istehsalı 2024-cü ilə qədər davam edib. Nəqliyyat kimi ən ümumi roluna əlavə olaraq helikopter, həmçinin hava-desant komanda məntəqəsi, silahlı döyüş gəmisi və kəşfiyyat platforması kimi istifadə olunur.
Helikopter Mi-8MTV-1 yüksək hündürlükdə daşıma helikopteri Mi-8T helikopterinin müasir modifikasiyasıdır. O, daha güclü elektrik stansiyası, dəyişdirilmiş avionika və gövdə dizaynında bir sıra dəyişikliklərə malikdir. Helikopter unikal uçuş texniki və istismar xüsusiyyətlərinə malikdir. Demək olar ki, bütün iqlim şəraitində istifadə edilə bilər. Mi-8MTV-1 helikopterinin konstruksiyası və avadanlığı onu təchiz olunmamış meydançalarda avtonom şəkildə idarə etməyə imkan verir.
Akif NƏSİRLİ