ABŞ-də 19 yaşına çatmayan şəxslərin cinsiyyəti dəyişdirməklə bağlı əməliyyat olunması qadağan edilib.
“Qafqazinfo” Ağ Evə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.
Sənədə əsasən, cinsi hormon blokatorlarından istifadə də qadağan olunub.
Qeyd olunub ki, burada “uşaq” və yaxud “uşaqlar” termini 19 yaşına qədər olan şəxsləri nəzərdə tutulur.
Xatırladaq ki, Donald Tramp andiçmə mərasimi zamanı bildirmişdi ki,
onun administrasiyası öz fəaliyyəti dövründə ölkədə yalnız iki – kişi və qadın cinsinin tanındığı siyasət yürüdəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ ordusu ilə bağlı dörd fərman imzaladığını açıqlayıb. Bu sərəncamlarda Tramp söz verdiyi kimi orduya silahlı qüvvələrdə DEI (Diversitet, equity, inclusion) siyasətinə son qoymağı, həmçinin bundan sonra yalnız iki bioloji cinsi tanımağı əmr edir. Tramp jurnalistlərə Vaşinqtondan Floridadakı mülkünə gedərkən təyyarədə fərmanların imzalanması barədə danışıb.
“Reuters”in məlumatına görə, hərbçilərin gender fərmanında bildirilir ki, ərizəçinin bioloji cinsindən başqa cinsə mənsubiyyətlə bağlı “yalan” iddialar indi hərbi xidmət qaydalarına zidd hesab edilir.
Tramp artıq bəyan edib ki, bundan sonra ABŞ Ordusu yalnız iki cinsi tanıyacaq: kişi və qadın. Başqa bir fərman, Covid-ə qarşı peyvənd olunmaqdan imtina etdiyinə görə işdən çıxarılan hərbi qulluqçuların reabilitasiyasına aiddir.
Bundan əlavə, Donald Tramp adını İsraildən götürdüyü “Amerika Dəmir Qübbəsi” hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb.
“Reuters” xəbər verir ki, Tramp yeni müdafiə naziri Pit Heqsetə gender müxtəlifliyini qadağan edən sərəncamı yerinə yetirmək üçün 60 gün vaxt verir.