AZ

Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk yoluxma

ABŞ-də ördək fermasında quşlarda H5N9 quş qripinə ilk yoluxma halı aşkar edilib.

"Cebheinfo.az" xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) hesabatına görə, Kaliforniya ştatının Mersed dairəsindəki ticarət ördək fermasında “yüksək patogen quş qripi (HPAI) H5N9” variantı aşkar edilib.

Parisdə yerləşən, dünya miqyasında heyvan xəstəliklərini izləyən WOAH, “Bu, ABŞ-də quş ətində aşkar edilən ilk HPAI H5N9 hadisəsidir” deyib.

Hesabatda mənbəyi məlum olmayan bu epidemiyanın yanvarın 13-də təsdiqləndiyi və sözügedən fermada 119 min ev quşunun məhv edildiyi bildirilib.

ABŞ-də heyvanlar arasında yayılmış H5N1 quş qripi variantı da fermada qeydə alınıb.

WOAH, ABŞ heyvan sağlamlığı orqanlarının epidemiyaya cavab olaraq "geniş epidemioloji araşdırmalar" apardığını və nəzarəti artırdığını söyləyib.

Səhiyyə mütəxəssisləri quş qripinin insanlar üçün potensial pandemiya təhlükəsi yaratdığı barədə həyəcan təbili çalmağa davam edir.

ABŞ-də inəklər arasında yayılmağa və insanlara yoluxmağa başlayan quş qripi mutasiya əlamətləri göstərir.

Alimlər narahatlıqlarını ifadə ediblər ki, əgər insan həm quş qripinə, həm də mövsümi qripə yoluxursa, quş qripi virusu mutasiyaya uğrayaraq insanlardan insanlara keçə bilər və potensial olaraq insan pandemiyasına səbəb ola bilər.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr