Livandan qeyri-qanuni yollarla İsrailə keçməyə cəhd göstərən üç Türkiyə vətəndaşının İsrailin hava hücumu nəticəsində həyatını itirməsi ciddi rezonansa səbəb olub.
Medianews.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda hadisənin qəti şəkildə qəbul edilməz olduğunu vurğulanıb. Nazirlik bildirir ki, həlak olan vətəndaşların cəsədlərinin qısa zamanda Türkiyəyə qaytarılması üçün lazımi prosedurların həyata keçirilməsinə başlanıb. Rəsmi Ankara beynəlxalq ictimaiyyəti İsrailin hücumlarına son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.
Hadisə ilə bağlı daha ətraflı məlumat “Anadolu” agentliyi tərəfindən paylaşılıb. Agentliyin məlumata görə, həlak olan şəxslər Sezer Özdemir, Hüseyn Kaya və Çınar Alp Baydenk olub. Onların ailələri yanvarın 11-də Livan sərhədində yoxa çıxdıqlarını və bu tarixdən etibarən onlardan heç bir xəbər ala bilmədiklərini rəsmi orqanlara bildiriblər.
Araşdırmalar nəticəsində məlum olub ki, sözügedən şəxslər daha əvvəl də saxta adlar altında qeyri-qanuni yollarla İsrailə keçmiş, orada 2-3 il müdətində çalışmış və daha sonra deportasiya edilmişlər. Bu halların təkrar baş verməsi bölgədə insan təhlukəsizliyi problemlərini bir daha diqqət mərkəzinə gətirib.
Bu faciəni qiymətləndirən ekspertlər, bölgədən qeyri-qanuni yollarla keçidlərin artmasını iqtisadi problemlər, mühacirət siyasəti və siyasi sabitsizliklə əlaqələndiriblər. Eyni zamanda, beynəlxalq qurumların bu kimi halları azaltmaq üçün daha çox addım atmış olması zəruri hesab edilir.
Hazırda hadisə ilə bağlı təhqiqatlar davam etdirilir.
Medianews.az