AZ

AFFA “Qarabağ”ı cərimələdi: “Neftçi” dəymiş zərəri ödəyəcək

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, iclasda hər iki Liqanın 20-ci turunun oyunlarındakı qanun pozuntularına hüquqi qiymət verilib.

Azərbaycan Premyer Liqası, 20-ci tur

“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəniləcək.

“Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə Ağdam təmsilçisi 2000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 20-ci tur

“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə Naxçıvan komandası 100 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında stadion və təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib. “Neftçi”nin heyətində 4 futbolçu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz”un heyətində 5 futbolçu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib.

İki komandaya texniki məğlubiyyət

AFFA İntizam Komitəsi bugünkü iclasında aşağı yaş qrupu üzrə liqalarda çıxış edən iki komandanı texniki məğlubiyyətlə də cəzalandırıb. U-16 Liqasında keçirilməli olan “Səbail” – “Mübariz” oyunu ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. U-13 Liqasında isə “Troya” – “Lamasya Baku” görüşü eyni səbəbdən keçirilməyib. Bu dəfə “Troya”nın heyətində yetərsay olmayıb. Bu səbəbdən “Mübariz” və “Troya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Üç futbolçuya üç oyunluq cəza

İK aşağı yaş qrupu üzrə liqalarda çıxış edən futbolçuların qeyri etik davranışlarının da cəzasını kəsib. Gənclər Liqasının “Şamaxı” – “Səbail” oyununda qonaqların futbolçu Aslan Hüseynov rəqibi təhqir edib. U-15 Liqasında “Qəbələ” ilə səfər qarşılaşmasında “Sabah” futbolçu Kənan Əliyev də eyni addıma əl atıb. U-14 Liqasında isə “European Football Academy” – “Qarabağ” FK görüşündə ikincilərin üzvü Məhəmməd Bağırov qeyri idman hərəkətinə görə meydandan kənarlaşdırılıb. O, meydanı tərk etdiyi zaman hakimlər briqadasını təhqir edib. Adıçəkilən hər üç futbolçu 3 oyunluq cəzalandırılıb.

Seçilən
28
12
arena.az

10Mənbələr