Çində Pentaqondan 10 dəfə böyük olan Hərbi Komandanlıq Mərkəzi tikilir
Çin paytaxt Pekinin yaxınlığında dünyanın ən böyük hərbi komandanlıq mərkəzini tikir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) peyk şəkillərinə və kəşfiyyat mənbələrinin açıqlamalarına istinadla məlumat yayıb.
Məlumata görə, onun ölçüsü ABŞ Müdafiə Nazirliyinin qərargahından (Pentaqon) 10 dəfə böyükdür.
Peyk görüntüləri Pekindən 30 km cənub-qərbdə yerləşən 6 kv.km-dən çox ərazini əhatə edən tikinti sahəsini göstərir.
Nəşrin məlumatına görə, əsas tikinti 2024-cü ilin ortalarında başlayıb.
FT qeyd edir ki, hərbi ekspertlərin fikrincə, potensial nüvə müharibəsi də daxil olmaqla istənilən münaqişə zamanı Çinin hərbi liderlərini qorumaq üçün böyük, bərkidilmiş bunkerlər yerləşəcək ərazidə dərin çuxurlar aşkar edilib.
ABŞ ordusu bildirib ki, kəşfiyyat ictimaiyyətin “Pekin Hərbi Şəhəri” adlandırdığı obyekti diqqətlə izləyir.