AZ

Elzanı Füzulidən üstün sayanlar - AÇIQLAMA

“Gəlin görək, Elza Seyidcahan mətn yaratma potensialına malikdirmi, ortada ciddi ədəbiyyatı ehtiva edəcək mətn nümunəsi varmı? Əlbəttə ki, yox. Yaxşı, indi deyin görək, bir ədəbiyyat nümunəsinin belə müəllifi olmayan bir şəxsi ədəbi müstəviyə qaldırıb, müqayisəyə gətirərlərmi? Təbii ki, yox… Yəni, Elza Seyidcahanın yazdıqlarının ədəbi müstəvidə təhlili, ədəbiyyat adı altında təqdimi, hansısa ədiblə müqayisəsi, hətta ədəbiyyatla bağlı ona verilən sual nəticə etibarı ilə qeyri-ciddilikdən, bayağılıqdan, məntiqsizlikdən başqa bir şey deyil”.

News24.az xəbər verir ki, bunu Bakuplus.az-a açıqlamasında gənc yazar Emil Rasimoğlu bildirib.

Emil Rasimoğlu Elza Seyidcahanı Füzulidən böyük hesab edən yazıçıları ciddi şəkildə tənqid edib: “Onu da deyim ki, bu mövzuda Elza Seyidcahanın da, Şərif Ağayarın da, Rasim Qaracanın da fikirləri ilə tanışam. Əvvəla, nə Füzuli, nə də ədəbiyyatda olan hər hansısa bir yaradıcı şəxs, büt müqayisəolunmaz deyil. İstər klassiklərdən olsun, istərsə də çağdaşlardan, fərqi etmir, istənilən ədəbiyyat adamının yazdıqlarını təhlil də, müqayisə də etmək olar. Bu təbii prosesdi, burada qeyri-normal heç nə yoxdur. Bəs belə məqamlarda çox vaxt qeyri-normallıq nə zaman baş verə bilir? Əlbəttə ki, ilkin olaraq müqayisə və təhlillər ciddi ədəbiyyatın prinsipləri, meyarları əsnasında aparılmadıqda. Qayıdım xüsusən Füzuli və Elza Seyidcahanın müqayisəsi məsələsinə. Bu məqamda hələ Füzulini qoyaq bir kənara, onun adının üstündə fokuslanmayaq. Elzadan danışaq. Adamın müqayisəyə çıxarılacaq bir bədii mətni, ədəbiyyat təsəvvürü yoxdur. Musiqi sahəsində müəyyən qədər istedadını, novatorluğunu ortaya qoyur, o bir ayrı məsələ, o bir ayrı mövzu. Onun ədəbiyyatla nə əlaqəsi? Hətta Elza Seyidcahan məlum müsahibədə Füzulidən böyük şair olmasının izahını verərkən belə özünün ədəbiyyatdan, ədəbi meyarlardan biixəbər olmasını bir daha təsdiq edir. Adam deyir ki, Füzulidən ona görə böyük şairəm ki, Füzuli təkcə yazırdı, o isə həm yazır, həm də bəstələyir. Baxın, yaza bilməməyinin fərqində olmamağı bir yana, həm də adam fərqində deyil ki, bəstəkarlıq müəllifin mətndaxili potensial böyüklüyünün, ədəbi üstünlüyünün təsdiqi deyil, o bir ayrı yaradıcı sahədir. Hətta Elza Seyidcahan bir gün şeir yaza bilsə belə onun bəstəkarlıqda göstərdiyi sənətkarlığı yenə ədəbi üstünlüyü hesab oluna bilməz. Şərif Ağayarla Rasim Qaracanın bu məsələyə münasibətinə gəldikdə isə onların da fikirləri bir az qarışıq, bir az məsuliyyətsiz, necə deyərlər, bir az qəzalı, bir az ümumi, bir az da kor-koranə, kütləvidir. Sanki elə bil bu şəkildə danışmağa məcburdular. Əslində danışmırlar, “qəzaya düşürlər”. Belə ki, Şərif Ağayar tamam başqa mövzudan – Elza Seyidcahanın ümumi baxımdan Füzulidən üstün olmasından söz açıb, onun musiqi bəstələməyini, şeir yazmağını, nə bilim, canlı efirə çıxmağını, sağ olmasını vurğulayıb, deyir ki, bütün bunları Füzuli bacarırdımı? Adama deməzlərmi, ay Şərif Ağayar, bu necə travmatik müqayisə formasıdı? Digər tərəfdən, Şərif Ağayar Elza Seyidcahanın şeir yazmasını da xüsusən vurğulayır. Baxın haa, mətni tanıyan Şərif Ağayar. Adam gərək ədəbi meyarlara xəyanət etməsin, ədəbi vicdana dönük çıxmasın. Görəsən, Elza Seyidcahanın qələmindən çıxan hansı ciddi mətndi, şeirdi ki, Şərif Ağayar da o şeirə, mətnə söykənib deyir ki, Elza şeir yazır? Qaldı ki, Rasim Qaracaya, Rasim Qaraca da ciddi-ciddi Elza Seyidcahanın sənətkarlığından bəhs edir. Bu zaman bir az aydınlaşdırmaq gərək: musiqidəki sənətkarlığından söz açır, yoxsa həqiqətən də Rasim Qaraca Elza Seyidcahanı ədəbiyyat müstəvisində sənətkar kimi görür? Əgər musiqi aləmindəki sənətkarlığını nəzərdə tutursa, adama deyərlər ki, o mövzunun ədəbi müzakirəyə nə aidiyyəti? Yox, əgər həqiqətən də Rasim Qaraca Elza Seyidcahanın şeirlərini ciddi mətn hesab edirsə, sənətkarlığın nümayişi kimi görürsə, bu, artıq Rasim Qaracanın ədəbi təfəkkürünün qanqren vəziyyətidir”.

Seçilən
29
news24.az

1Mənbələr