Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, 31 yanvar, keçirdiyi mətbuat konfransında bəyan edib.
"Ümumiyyətlə, heç kim üçün əlavə vergi yükü olmayacaq, çünki ümumi deklarasiya sistemində Ermənistan Respublikasının Vergi Məcəlləsinə heç bir dəyişiklik nəzərdə tutulmur. Yəni bu sistem tətbiq olunmazdan əvvəl hansı gəlirlər vergiyə cəlb olunurdusa, bundan sonra da eyni qaydada vergiyə cəlb olunacaq", - deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, bu il yeni sistem yalnız muzdlu işçilərə şamil ediləcək. Əgər vətəndaş işləmirsə, bu il gəlir deklarasiyası doldurmaq məcburiyyətində olmayacaq.
O əlavə edib ki, hökumət minimum əməkhaqqı alan bir vətəndaşın gəlir vergisinin onun təhsil və səhiyyə xərclərini 100 000 dram məbləğində geri qaytarmaq üçün yetərli olub-olmadığını yoxlayıb və nəticə müsbət olub. "Yəni minimum əməkhaqqı alan vətəndaş belə, hər il 100 min dram geri ala biləcək", - Paşinyan vurğulayıb.
Bununla belə, o, bəzi vətəndaşların vergi öhdəliyinin yaranacağını etiraf edib. "Bəli, belə hallar var, lakin bu, son 30 ildə vergi ödənilməli olduğu halda, faktiki olaraq ödənilməyən hallarla bağlıdır. Ümumi deklarasiya sistemi sadəcə olaraq son 5-10 ildə mövcud olan vergi qanunlarına əsasən vergi ödəməli olduğu halda, ödəməyən şəxsləri vergi sisteminə cəlb edəcək", - Paşinyan əlavə edib.