"Təəssüf ki, öz çıxarlarını və maraqlarını nəzərə almadan Fransa Azərbaycanla münasibətlərini korlayıb. Buna görə də Azərbaycanın bütün addımları onlara qıcıq verici gəlir. Fransa Minsk Qrupunun üzvü olduğu dövrdə, Qarabağ münaqişəsini süni şəkildə 30 il uzadıb. Bu illər ərzində bir dəfə də olsun Ermənistana təcavüzkar ölkə deməyib. Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad etdikdən sonra da Fransa yenə Ermənistana dəstək verməkdə davam etdi, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşdı".
Bu sözləri "Operativ Media"ya açqlamasında deputat Razi Nurullayev deyib.
"Bu gün Azərbaycan Fransanın dənizaşırı koloniyalarında etdiyi beynəlxalq hüquqa zidd addımları tənqid edir. Azərbaycan həmin ölkələrin fikirlərinə dəstək olmaq istəyir, onların qayğılarını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq istəyir. Zamanında, Fransa Ermənistana münasibətdə bunu haqsız olaraq etmişdi. Halbuki Azərbaycanın ərazi bütövlüyü Fransa tərəfindən və BMT tərəfindən tanınıb. Buna baxmayaraq, Fransa Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib. Azərbaycanın bir milyon qaçqınına da etinasız yanaşdı.
İndi isə Azərbaycan haqlı olaraq Fransanın yeni kolonializmini tənqid edir və dənizaşırı ölkələrdə insanların öz müqəddaratını həll etmək hüququnun pozulmasını qınayır. Bu da həm Azərbaycanın, həm də bütün bəşəriyyətin haqqıdır. Burada Azərbaycanın pis bir addım atdığına dair heç bir dəlil yoxdur. Fransanın boyunduruğu altındakı ölkələr Azərbaycana müraciət edir və dəstək istəyirlər. Azərbaycan isə bu ölkələrin haqq səsini müdafiə edir və onların boğulmuş səsini dünyaya çatdırır. Burada nə qəbahət var ki…
Fransa həmin dənizaşırı ölkələrə zorakılıq tətbiq etmək və Azərbaycanı tənqid etmək əvəzinə həmin ərazilərdəki problemləri həll etsə daha yaxşı olmazmı? O ölkələrin hökumətləri ilə danışaraq, mövcud problemləri çözərsə, tənqidlərlə də üzləşməz. Heç Azərbaycan da bu məsələlərə qarışmazdı. Fransanın problemləri gizlətməsi və ört-basdır etməsi heç bir halda qəbul edilə bilməz. 21-ci əsrdə nə kolonializm, nə də imperializm dövrü var. İndi hansı əsrdir ki, xalqları əsarət altında saxlayasan, ona hökm edəsən və sərvətlərini mənimsəyəsən? Bu cür addımlar bizim təsəvvürümüzdən belə silinməlidir. Azərbaycanının bu məsələlərə görə atdığı addımlarda yanlışlıq yoxdur. Lakin Fransanın xarici işlər naziri və müxtəlif vəzifəli şəxslərinin Azərbaycana qarşı qərəzli fikirləri yolverilməzdir.
Ölkələrimiz arasında münasibətlərin yaxşılaşması və qarşılıqlı hörmət əsasında yanaşmalar vacibdir və bu daha çox Fransa tərəfindən asılıdır. Ümid edirəm ki, Fransa Azərbaycanla qarşılıqlı hörmət və anlaşma çərçivəsinə qayıtmaq üçün səylər göstərəcək".