"Biz Azərbaycan üçün çox konkret təklif irəli sürmüşük. Bu, hətta təklif deyil, problemin həllidir. Bu həll həm Ermənistanın, həm də Azərbaycanın maraqlarını nəzərə alır", - deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın qərb rayonlarından Naxçıvana və əks istiqamətdə yük qatarlarının hərəkət etməsi təklif olunur. Eyni zamanda Erasx-Naxçıvan-Mehri marşrutu üzrə dəmir yolunun açılması və Ermənistanın Azərbaycan ərazisindən, Azərbaycanın isə Ermənistan ərazisindən beynəlxalq ticarət məqsədilə istifadə etməsi nəzərdə tutulur.
Baş nazir əvvəlcə yük daşımalarının bərpasını, daha sonra münasibətlərin normallaşması fonunda sərnişin daşımalarının da müzakirə edilə biləcəyini qeyd edib. O, rəsmi Bakının bu təklifə müsbət cavab verməsini gözlədiklərini bildirib.
Paşinyan əlavə edib ki, bu təklif "Sülhün keçidi" proqramına və Azərbaycanın irəli sürdüyü tələblərə uyğun gəlir. Bununla belə, Ermənistanın öz ərazisindən keçən marşrutlara tam yurisdiksiya tətbiq edəcəyini vurğulayıb.