AZ

Paşinyan Əliyevin təklifini QƏBUL EDİR: Erməni baş nazir anlayır ki… – FOTO

“Ermənistanın baş naziri Nikol Paşinyan anlamamış deyil ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “sülh qovşağının” Prezident İlham Əliyevin təəbirincə desək, “bir qara qəpik” dəyəri olmayacaq. Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının sahili ilə də keçəcək. Bu məqsədlə körpünün inşası bitmək üzrədir, yollar da asfaltlanıb. Bu yol tam gücü ilə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi, Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir.

Politoloq deyib ki, Paşinyan bugünkü mətbuat konfransında “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib: “Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini əlavə edib. Böyük ehtimalla, Paşinyan bu əlavəsi ilə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır. Məsələ burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə, Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələlərdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirir. Bu, Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz”.

E.Şahinoğlunun qənaətincə, bütün hallarda Paşinyan Zəngəzur dəhlizi ilə bağlı addım barədə düşünür: “Onun “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir. Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsi ilə bağlı söylədiklərində də diqqət çəkən məqam var: “Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa-olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”. Görünür, Paşinyan maneəsiz dəhlizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları pasport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatarla və maşınla Naxçıvana keçə bilsinlər”.

Nailə QASIMOVA

 

Seçilən
46
7
medianews.az

10Mənbələr