Avropa Liqasında Liqa mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, raundun yekunları Azərbaycan çempionu “Qarabağ”ın bəxtinin püşkatmada gətirmədiyini göstərib.
Təmsilçimizin rəqiblərinin çoxu güclü olub. “Qarabağ”ın qarşılaşdığı 8 komandadan üçü birbaşa 1/8 finala adlayıb.
“Tottenhem”, “Lion” və “Olimpiakos”un “səkkizlik”də yer alması Ağdam klubunun nə qədər ağır mübarizə apardığını göstərir. Daha üç rəqib isə pley-offda oynayacaq. Bunlar “Bodo Qlimt”, FCSB və “Ayaks”dır.
Onlardan ikisi 1/8 finala vəsiqəni son turda əldən verib. FCSB “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzmayıb, heç olmasa 1 xal alsaydı, “Bodo Qlimt” isə autsayderlərdən biri “Nitsa” ilə heç-heçə etməsəydi (1:1) indi pley-offda yox, 1/8 finalda olardı. Hər iki komanda 8-ci yerdəki “Reyncers”lə eyni xal toplayıb və əlavə göstəricilərdə geri qalıb.
“Bodo Qlimt” ümumiyyətlə autsayderlərin qurbanı olub. Son iki pilləni tutanlar Norveç klubuna cəmi 1 xal verib.
Qurban Qurbanovun yetirmələrinin qurbanı olan “Bodo Qlimt” evdə “Qarabağ”a uduzmasaydı, hətta 1 xal da onları 1/8 finala daşıyacaqdı. Təmsilçimizin yeganə qələbəsi isə şimallılar üçün əsl badalaq olub.
Maraqlıdır ki, mübarizəni davam etdirən bu 6 komandanın hamısı turnir cədvəlinin ilk 1/3 hissəsində - “12-lik”də yer alıb. Bir sözlə, 12 ən güclünün 6-sı ağdamlılara rəqib olub.
Çempionumuzun görüşdüyü komandalardan yalnız ikisi mübarizəni dayandırıb. İsveç klubları “Malmö” və “Elfsborq” “Qarabağ”a qalib gəlməkdən başqa ciddi heç nə etməyib.
Ümumiyyətlə, “Qarabağ”ın 8 rəqibi 64 oyunda 101 xal toplayıb.
Yer | Komanda | O | Q | H | M | T-F | X |
4 | Tottenhem | 8 | 5 | 2 | 1 | 17-9 | 17 |
6 | Lion | 8 | 4 | 3 | 1 | 16-8 | 15 |
7 | Olimpiakos | 8 | 4 | 3 | 1 | 9-3 | 15 |
9 | Bodo Qlimt | 8 | 4 | 2 | 2 | 14-11 | 14 |
11 | FCSB | 8 | 4 | 2 | 2 | 10-9 | 14 |
12 | Ayaks | 8 | 4 | 1 | 3 | 16-8 | 13 |
26 | Elfsborq | 8 | 3 | 1 | 4 | 9-14 | 10 |
31 | Malmö | 8 | 1 | 2 | 5 | 10-17 | 5 |
36 | Qarabağ | 8 | 1 | 0 | 7 | 6-20 | 3 |
Vüqar Xeyrullayev
İdman.biz