Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, 2025-ci ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək Azərbaycanın Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın regional iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən “yaşıl enerji” dəhlizi layihəsinin, habelə “Orta Dəhliz”in inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib.