Amerikanın süni intellekt sahəsində fəaliyyət göstərən startapı "OpenAI" əlavə 40 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti cəlb etmək məqsədilə danışıqlar aparır.
Valyuta.az bu barədə CNBC telekanalına istinadən xəbər verir.
Yeni investisiya raundunun uğurla başa çatması halında şirkətin dəyəri 340 milyard ABŞ dollarına qədər artacaq.
Məlumata görə, bu raundda əsas investor kimi "SoftBank" çıxış edir. Şirkətin baş direktoru Masayoşi Son "OpenAI"a 15-25 milyard ABŞ dolları həcmində investisiya yatırmağa hazırdır.
Bildirilib ki, daha əvvəl özəl investorlar "OpenAI"ni 157 milyard ABŞ dolları dəyərində qiymətləndirmişdi. 2022-ci ilin sonunda şirkət "ChatGPT" çatbotunu istifadəyə verərək süni intellekt sahəsində inkişafa təkan verib.
"OpenAI" sonuncu dəfə 2023-cü ilin oktyabrında 6,6 milyard ABŞ dolları həcmində maliyyələşmə raundunu tamamlayıb və bu, İlon Maskın "xAI" startapı, eləcə də "Microsoft", "Google", "Amazon" və "Anthropic" kimi texnologiya nəhəngləri ilə rəqabətə hazırlıq məqsədi daşıyıb.
Paşa Məmmədli