"Bu gün komandam axıra qədər mübarizə aparır, daha yaxşı oyun sərgiləyə bilir. Oyunun içində müəyyən problemlər var".
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc çalışdırıcı Misli Premyer Liqasının 21-ci turunda "Sabah" üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib: "Komandanın sona qədər mübarizə aparması sevindiricidir. Daha az səhv etdikdə daha yaxşı oyun sərgiləyə bilirik. Hesabda geriyə düşməyimizə baxmayaraq komanda toparlanıb irəliyə atıla bilir. Bu, idmanda çox önəmli faktordur. Mənə elə gəlir ki, problemlərimiz var və çatışmazlıqları aradan qaldırmalıyıq. Oyunun ilk dəqiqələrinə konsentrasiya olmaqla bağlı çox danışırıq. Startda boşluqlarımız olur. Bir tərəfdən bəlkə də yaxşıdı ki, bu amil komandaya qıcıq verir. Uşaqlar tez bir vaxtda özlərinə gəlirlər. Digər tərəfdən çatışmazlıqdır. Müdafiəyə çox çəkilmədik. Qollarımızı vurub qələbəni qazandıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bizi lazımi şəkildə dəstəklədilər. Oyunu tribunadan izləmək çox çətindir. Aşağıda olanda bəlkə də emosiyaları çərçivəyə salmaq olur. Tribunadan izləyəndə isə bir qədər çətindir".
Qeyd edək ki, "Kəpəz" xalını 17-yə yüksəldib.
İdman.biz