AZ

"Exxon Mobil"in mənfəəti proqnozlarını üstələyib - Hesabat

"Exxon Mobil" bu gün IV rüb üzrə mənfəətinin "Wall Street" proqnozlarını üstələdiyini açıqlayıb. Neft və qaz hasilatının artması neft qiymətlərinin ucuzlaşmasını və emal marjasının azalmasını kompensasiya edib.  

Valyuta.Az "CNBC"yə istinadən xıbır verir ki, şirkətin IV rüb üzrə mənfəəti 7,39 milyard dollar təşkil edib. Hər səhm üzrə qazanc isə 1,67 dollar olub ki, bu da "LSEG" məlumatlarına görə, analitiklərin 1,56 dollarlıq proqnozundan yüksəkdir.  

ABŞ-nin ən böyük neft istehsalçısı olan "Exxon Mobil" 2024-cü il üzrə ümumi mənfəətinin 33,46 milyard dollar olduğunu bildirib. Bu, 2023-cü ildə qeydə alınan 38,57 milyard dollardan aşağıdır.

Şirkət 2024-cü ildə, may ayında "Pioneer Natural Resources" şirkətini satın aldıqdan sonra ABŞ-nin ən böyük neft yatağı olan Permian hövzəsində ən iri neft istehsalçısına çevrilib.  

Permian hövzəsində aşağı hasilat xərcləri və Qayanadakı gəlirli və məhsuldar layihələr "Exxon Mobil"in mənfəətinə müsbət təsir edib. Bu, neftin qiymətinin azalması və yanacaq istehsalından əldə edilən gəlirin düşməsinə baxmayaraq, şirkətin sabitliyini qoruyub saxlamasına kömək edib.  

Şirkət bu ayın əvvəlində bildirib ki, neft emalı marjasının kəskin azalması IV rüb üzrə mənfəətini üçüncü rüblə müqayisədə 300 milyon - 700 milyon dollar aralığında azalda bilər.  

Asiya və Afrikada digər şirkətlərin yeni neft emalı zavodlarını istifadəyə verməsi qlobal yanacaq təchizatının artmasına səbəb olub. Bunun fonunda benzin və dizel yanacağına olan tələb gözləntiləri qarşılaya bilməyib.  

"Yanacaq emalı sektoru əlavə təklif bazara daxil olduqca təzyiq altında qalır", - deyə "Exxon Mobil"in baş maliyyə direktoru Ketrin Maykels (Kathryn Mikells) müsahibəsində bildirib. "Ona görə də biz 2025-ci ildə bu tendensiyanı diqqətlə izləyirik", - deyə o əlavə edib.  

Şirkət daha əvvəl açıqlamışdı ki, biznesin müxtəlif sahələrində həyata keçirilən dəyərsizləşdirmələr IV rübdə şirkətə təxminən 600 milyon dollara başa gələcək. Bu xərclər, o cümlədən Nigeriyadakı ortaq müəssisənin satışı kimi qeyri-strateji aktivlərin əlindən çıxarılmasından irəli gəlir, - deyə Maykels bildirib.  

Bu müqavilə ABŞ tənzimləyici orqanları tərəfindən təsdiqlənsə də, "Exxon Mobil" və "CNOOC" şirkətləri Qayanadakı neft yataqlarında "Hess" ilə ortaq olduqlarını və müqaviləyə əsasən, "Hess"in payını almaq üçün ilkin hüquqa sahib olduqlarını bildirirlər.  

2024-cü ildə səhmdar ödənişləri - səhm geri alımları və dividendlər - 36 milyard dollar təşkil edib ki, bu da 2023-cü ildəki 32 milyard dollarlıq göstəricidən yüksəkdir. Səhmdarlara edilən ödənişlər "Exxon Mobil"in 36,2 milyard dollarlıq sərbəst pul axını hesabına maliyyələşdirilib və bu, iri neft şirkətlərinin investorları cəlb etmə strategiyasının əsas elementlərindən biri olub.  

Rəhim

Seçilən
25
valyuta.az

1Mənbələr