Azərbaycan mətbuatı bunu “binokl diplomatiyası” da adlandırır
Avropa İttifaqı müşahidəçi missiyası adı altında Ermənistan sərhədlərində yerləşdirdiyi müxtəlif təiyanatlı hərbi mütəxəssislər qrupunun orada saxlanması müddətini 2027-ci ilin fevral ayının 19-dək uzadıb. Cəmi iki il üçün missiyanın saxlanmasına 44 milyon avro da ayrılıb. Varlığa nə darlıq... Sızan məlumata görə, missiyanın tərkibində keçmiş hərbçilər, jandarmlar, kartoqraflar, topoqraflar, təlimatçılar və s. var. Qısaca desək, məqsədlərini reallaşdırmaq üçün onu lazımi kadrlarla komplektləşdiriblər. Onların sərhədlərdə yerləşdirilməsinə həm Azərbaycan, həm də Rusiya dəfələrlə öz narahatlıqlarını bildirib. Çünki müşahidəçilərin fəaliyyət məqsədi rəsmi şəkildə açıqlanmır ki, bu da haqlı olaraq narazılıq doğurur. Avropadan üç il müddətində gəlib Azərbaycan-Ermənistan-İran sərhədlərində nəyisə axtarmaq əlbəttə, şübhə də doğuracaq, narahatlıq da. Bəri başdan deyək ki, şok vəziyyətindən ayılmayan İran hələ bu məsələyə heç bir fikir bildirmir. Görünür, Qərbin diqqətini özünə çəkmək istəmir.
Azərbaycandan fərqli olaraq Rusiyanın narahatlığının başqa böyük səbəbi var. Rusiya bilir ki, Ermənistanı itirir. Onu itirməklə isə Cənubi Qafqazı da itirəcəkdir. Ermənistan artıq Qərbə inteqrasiyaedir. Sərhədlərimizdən bizə sari boylanan missiya heç nəyi dəyişmir. O missiya heç bir halda hansısa ikitərəfli münasibətlərdə effektiv rol oynaya bilməz. Bu, sadəcə olaraq beynəlxalq aləmdə rəy formalaşdırır ki, guya Ermənistan Azərbaycan tərəfindən təcavüzə məruz qala bilər. Eyni zamanda, belə bir missiya şərti sərhəddə olduğu halda iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi gecikməsi qaçılmaz olacaq. Digər tərəfdən, ehtimal olunur ki, Avropa İttifaqı müşahidə missiyası vasitəsilə Ermənistan sərhədində Azərbaycana qarşı hansısa casusluq əməllərini də həyata keçirir. Çünki əvvəllər buna rast gəlinmişdi. Casus-müşahidəçilər Azərbaycanın öz sərhədinin müdafiəsi üçün cəmləşdirdiyi hərbi potensialı öyrənməyə çalışırlar. Bu, əlbəttə, xoş niyyətdən xəbər vermir.
Aİ-nin məlum qərarında hüquqi baxımdan yanlışlıq olmasa da, şübhəsiz ki, hərbi-siyasi nöqteyi-nəzərdən bu, Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdidir. Azərbaycan məhz buna görə həmin missiyanın burada yerləşməsinə etiraz edir. Digər tərəfdən, belə missiyalar bir çox hallarda əks tərəfə qarşı kəşfiyyat əməliyyatları da apara bilər. Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqı müşahidəçilərini ittiham edib ki, onlar sərhəddə kəşfiyyat əməliyyatı aparırlar.
Bu barədə Rusiyanın da bəyanatları olub. Şübhə ola bilməz ki, “missiya” Ermənistanda dislokasiya olunmuş Rusiya sərhəd qoşunlarının sayı, 102-ci hərbi bazanın potensiyası barədə məxfi məlumatları da toplayır. Bəlkə də onların birinci dərəcəli işləri elə budur. Artıq rus kəşfiyyatı bu barədə məlumatlıdır. Rusiyanın kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin bu haqda açıq danışıb.
Kremldəkilər çoxdan başa düşüblər ki, Nikol Paşinyan hakimiyyəti geridönüşü olmayan bir yola çıxıb. Kremldəkiləri qəzəbləndirən odur ki, dünənədək Rusiyanın hesabına cənnət həyatı yaşayan ermənilər gözləniməz bir məqamda-Rusiya Ukrayna ilə müharibəyə başlayanda onu meydanda tək qoyub Qərbə üz tutdular. Qərbli ağalarının çəkmələrini qucaqladılar. Hətta indiyədək Rusiya “bəlkə qayıtdı” deyə Ermənistanla mülayim davransa da rəsmi İrəvan yenə də keçmiş ağasına sərt təpki göstərir, ona düşmən münasibətlərini sərgiləyir. Son günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Moskvaya çağıraraq hədə-qorxu gəlsə də Paşinyan və komandası veclərinə almadılar. Sergey Lavrov görüşdə xəbərdarlıq edərək bildirmişdi ki, Ermənistan hakimiyyətinin yaramaz davranışları onlar üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
Ancaq Ermənistan ABŞ-a və Qərbə güvəndiyi üçün bunları qulaqardına vurur, saymazlığını nümayiş etdirir. O biri yandan da Qərb Ermənistanda əsl məqsədi və planı bilinməyən yarımhərbi missiyanı saxlamaqla Nikol Paşinyana açıqca deyir ki, ”qorxma, mən səninləyəm.”
Vəli İlyasov, “İki sahil”