Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. SİA xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli obyektdəki yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb.
Tikilinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.