Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopterin “qara qutu”su tapılıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəsmisi Todd İnman bildirib.
İnman “qara qutu”nun NTSB-nin qərargahına təhlükəsiz şəkildə gətirildiyini və agentliyin bu məlumatlardan qəti nəticə çıxara biləcəyinə inandığını söyləyib.
Qeyd edək ki, iki gün öncə dalğıclar Vaşinqton yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin “qara qutu”larından birini aşkar edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb . “BNO News” portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.