AZ

Fərqimiz - Paşinyan kilsədən vergi yığır, bizdə büdcədən dinlərə pul ayrılır...

Image

Tural İrfan: “Azərbaycanda əksinə, dini qurumlara dövlət dəstək verir...” 

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ilk atdığı addımlar Eçmiədzin kilsəsi ilə bağlı oldu və bütün gücü ilə kilsənin dövlət işlərinə qarışmasını əngəlləməyə çalışdı. Bu gün erməni kilsəsi ilə Paşinyan hakimiyyəti arasında ziddiyyətlər mövcuddur və bu gərginlik get-gedə daha da dərinləşir.  Paşinyanın hakimiyyətdə olması kilsənin ürəyincə deyil, bütün ermənilərin katolikosu II Qaregin başda olmaqla, kilsə onun devrilməsinə çalışır. Bir sözlə, Paşinyanla erməni kilsəsi arasında gərgin mübarizə gedir. İş o yerə çatıb ki, Paşinyan kilsədən şam istehsalına və satışına görə vergi tələb edir. 

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib: “Diaspor nümayəndələrindən biri hökumətlə kilsə arasında hansı problemlərin olduğunu soruşub. Ona dedim ki, məncə, kilsə şəffaf olmalıdır. Hamı hökumətdən şəffaflıq gözləyir. Biz bu tələblə razıyıq, bəs niyə kilsə qeyri-şəffaf olmalıdır?”. Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satır və vergi ödəyirsə, bəs niyə kilsə şam satanda vergi ödəmir? O daha sonra bildirib: “Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq”. 

Ermənistanda dövlət-kilsə münasibətləri Konstitusiya, vicdan azadlığı və dini qurumlar haqqında qanun, çərçivəni aydın şəkildə formalaşdıran Ermənistan Respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında qanunla tənzimlənir. Gördüyünüz kimi, Ermənistanda dövlət-kilsə münasibətlərini tənzimləyən ayrıca qanun da var.

Paşinyan açıq şəkildə Ermənistanda kilsəni şam istehsalına və onun satışına görə vergiyə cəlb etmək istəyir, hətta bunda israr edir, bildirir ki, kilsə vergi ödəməlidir. 

Amma Azərbaycanda bu məsələlər Ermənistandan tamamilə fərqlidir. Birincisi, Azərbaycanda  müsəlmanların, xristianların, yəhudilərin dövlətlə münasibətlərini tənzimləyən ayrıca qanunlar yoxdur. Yalnız “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikasının qanunu var və münasibətlər bu qanun çərçivəsində tənzimlənir. Bizdə həm də din dövlətdən ayrıdır və din dövlətin işlərinə heç zaman qarışmır.  İkincisi,  Azərbaycanda dini konfessiyalar, məscidlər, kilsələr, sinaqoqlar vergiyə cəlb olunmur, əksinə, dövlət onların inkişafı üçün öz büdcəsindən vəsait ayırır, dini konfessiyaları maliyyələşdirir.

Bu məsələyə münasibətdə Azərbaycanla Ermənistanın müqayisəyə gəlməyəcək dərəcədə fərqlərinin olduğunu deyən ekspertlərin sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq çoxkonfessiyalı  dövlətdir, Ermənistan isə monoetnik, monodinli bir ölkə kimi tanınır. 

“Paşinyan kilsəni vergiyə cəlb etməklə, əslində onların hakimiyyətə təsirini və təzyiqini azaltmaq istəyir”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan baki-xeber.com-a şərhində “Ermənistandakı dini vəziyyət ilə Azərbaycandakı vəziyyət fərqlidir. Erməni kilsəsi, demək olar ki, dövlətin ideoloji mərkəzi timsalındadır. Əsasən törədilmiş soyqırımı və erməni şovinizmini körükləyən ocaqdır. Hətta Ermənistanın indiki hakimiyəti nisbətən fərqli siyasət apardığına görə kilsə ona qarşı da keşiş Baqratın başçılığı ilə ayaqlanmış, ətrafına kifayət qədər kütlə də toplamışdı. Bu onu göstərir ki, erməni kilsəsi hələ də dövlətə təsir rıçaqlarını saxlayır. Bu da, təbii ki, öncə maliyyə məsələsi ilə bağlıdır. Paşinyan kilsəni vergiyə cəlb etməklə, əslində onların hakimiyyətə təsirini və təzyiqini azaltmaq istəyir. Bəlkə də kilsə onu tam dəstəkləsə, o, vergi məsələsindən vaz keçə bilər. Amma o bunu etməyəcək. Çünki kilsənin əsl məramını bilir”-deyə bildirdi. 

T.İrfanın sözlərinə görə, Ermənistan yarı teokratik quruluşdur, ona görə ki, kilsənin dövlətə sıx bağlılığı və təsir qüvvəsi var. “İndiyədək mövcud olan hakimiyyətlər də kilsədən ideoloji, siyasi, mənəvi dəstək alaraq əsasən Azərbaycana qarşı radikal, dağıdıcı planlarını icra ediblər. Erməni kilsəsi hazırda sülhə ciddi maneə yaradır. Çünki bu kilsəyə müasirlik, demokratiya, insan haqları, regionda sabitlik, sülh anlayışları yaddır. Kilsənin özündə də gərək islahatlar aparılsın. Çünki Paşinyan vergi məsələsinin ciddi şəkildə qanuni icrasını tətbiq etsə, yeni keşişlər peyda olaraq Baqrat kimi üsyan edəcəklər. Bir sözlə, Ermənistanda din-dövlət münasibətlərini tənzimləmək üçün qanun olsa da, görünən odur ki, effektiv deyil. 

Azərbaycanda isə dövlət-din münasibətləri normaldır, din dövlətdən ayrıdır. Yeni qanunun qəbul edilməsi zərurətdən doğmalıdır. Əgər ehtiyac yaranarsa bizdə də dinlə bağlı müvafiq qanunlar qəbul edilə bilər. Azərbaycan Konstitusiyasına görə, vətəndaşlar milli, irqi, dini mənsubiyyətinə görə fərqlənmir, qanun qarşısında bərabərdirlər. İnancından, dinindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Vətəndaşların hüquq və məsuliyyətləri dinlə deyil, müvafiq qanunla tənzimlənir. Ermənistanda isə dövlətin əsas ideoloji prinsipləri kilsə ideologiyası əsasında qurulduğuna görə elə bir qanuna ehtiyac var. Üstəlik, Azərbaycanda məscidlər nəsə istehsal etmir, vergiyə də cəlb edilmir. Azərbaycanda, əksinə, dini qurumlara dövlət dəstək verir ona görə ki, fəaliyyətlərini nizama salsınlar və xaricdən maliyyələşərək bunun qarşılığında da yad təsirlərə məruz qalmasınlar. Bu, dövlətin sadəcə yardımıdır. Əgər haçansa bizdə də məscidlər inkişaf edərək özünü idarə edəcək həddən üstün maliyyəyə, büdcəyə sahib olarsa, zənnimcə, vergi və sair xeyriyyə işlərinə dəstək verməyə cəlb edilə bilər. Ancaq hələ ki, dövlət həmin qurumlara dəstək verir.

Əgər məscidin gəliri olarsa, bu gəlirdən vergiyə cəlb edilməsi təbiidir. İanələr, nəzir, zəkat, xüms kimi vəsaitlərin hazırda bir çox inanclı dairələrdə pərakəndə şəkildə şəxslər, bəzi din xadimləri tərəfindən qeyri - şəffaf şəkildə məsrəf olunması barədə də iddialar var. Bu kimi məsələləri tənzimləmək üçün yeni və daha mütərəqqi qanunun qəbuluna ehtiyac olduğu görünür. Bir çox məscidlərdə, ziyarətgahlarda nəzir pulları pərakəndə şəkildə, qeyri-şəffaf olaraq naməlum istiqamətlərə gedir. Hətta vaxtilə burada xarici təsirlər və mübadilələrdən də bəhs edilirdi. Hazırda dövlətin dini qurumlara dəstək verdiyi kimi, zəmin yaranarsa, dini qurumların, məscidlərin də dövlətə vergi verməsinə şərait yaratmaq olar. Bu, həm də dinin ancaq almaq yox, vermək, bölüşmək ənənəsinin də əyani obrazı kimi təqdim edilər. Dini qurumlar dövlətə daha çox töhfə verməlidir”-deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA






Seçilən
12
baki-xeber.com

1Mənbələr