“Turan Tovuz” rəhbərliyi komandanın məşqçilər korpusunda yer alan Yunis Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, klub prezidenti Ehtiram Quliyev bu gün Tovuz təmsilçisinin bazasında veteran futbolçu ilə görüşüb.
O, təcrübəli çalışdırıcıya təbriklərini çatdırb, Hüseynovun həm futbolçu, həm məşqçi keçmişinə toxunub, uğurlu karyeraya sahib olmasını vurğulayıb. Ehtiram Quliyev Yunis Hüseynova üzərində 60 yazılmış forma hədiyyə edib.
Yunis Hüseynov göstərilən diqqətə və xoş sözlərə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Yunis Hüseynov “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin əsas köməkçisidir. O, 2024-cü ilin noyabr ayından bu vəzifədə çalışır.