AZ

Bahalaşan kredit faizləri

Yazını böyüt
Yazını kiçilt

Son 7 il ərzində kreditlərin faiz dərəcələri demək olar, dəyişməyib. Belə ki, həm biznes, həm ipoteka, həm də pərakəndə kreditlərin faiz dərəcələrinin 2024-cü ildə 2018-ci illə müqayisədə dəyişmədiyini müşahidə edirik. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb. Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır: “Yəni keçən ilin sonlarında faizin cüzi artması kreditləşməyə tələbi azaltmayıb”.

Azərbaycanda kredit faizlərinin yüksək olmasına səbəb nədir? Bunun həlli yolları varmı? Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərəcək?

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda bank kreditlərinin faizlərində artım müşahidə olunur: “Banklara kredit üçün müraciət edənlərin sayında azalma müşahidə olunmur. Biznes kreditlərində azalmanın olması güman edilir. Bizneslə məşğul olan adam hər zaman sabahını fikirləşir. Bütövlükdə Azərbaycanda iqtisadi aktivliyin azalacağı güman edilir. Ölkədə sahibkarlıqla məşğul olmaq üçün şərait get-gedə pisləşir. Lakin istehlak kreditlərinə gəldikdə burada azalma olmayacaqdır. Azərbaycanda insanlar kredit götürdükdə faizin azlığına və ya çoxluğuna önəm vermir. Bank əgər kredit üçün şərait yaradırsa, vətəndaş bundan istifadə edir. Borcunu ödəyə bilməyəcəyi haqqında fikirləşmir. Dünyada da bu belədir. Kredit riskləri artdığı üçün düşünürəm ki, faizlərin artması normaldır. Pulu qaytarmama, batma ehtimalı olduğu üçün banklar faizləri artırmağa məcbur olur. Bütövlükdə də qiymət artımı və faiz artımı prosesi davam edəcəkdir».

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanın bank-maliyyə sektoru kifayət qədər liberallaşmış bank-maliyyə sektoru deyil: “Eyni zamanda xarici bazarlarla inteqrasiya səviyyəsi də yüksək həddə olmadığı üçün aşağı faizli, az xərcli vəsaitləri cəlb etməkdə problemlər vardır və xarici maliyyə korporasiyaları bazarda dolğun təmsil olunmur. Buna görə də faizlər nisbətən yüksəkdir».

Onun sözlərinə görə, kredit şərtləri bazarda tələb, təklif və maliyyə sektorundakı oyun qaydalarından asılı olaraq formalaşır: “Azərbaycanda bank sektorunun mənfəət norması yüksəkdir və bu, kredit faizlərinin 15-25 faiz aralığında formalaşmasına səbəb olur. Son dövrlərdə əmanətlərin cəlbi prosesində də faiz dərəcələrinin artması müşahidə edilib. Əmanət faizləri təxminən 12 faizə qədər yüksəlib ki, bu da bankların daha ucuz maliyyə vəsaitləri təqdim etməməsinə səbəb olur. Kredit olaraq burada onu da nəzərə almaq lazımdır ki, əhalinin vərdişlərinin də təsiri vardır. Azərbaycan vətəndaşları bank sektorunda yalnız normal, deyək ki, 10 faiz ətrafında gəlir olduğu halda daha çox əmanət yerləşdirməyə meyillidirlər. Əmanətlərin faizi aşağı düşəndə insanlar burada digər riskləri nəzərə alaraq, onları daha çox passiv şəkildə evdə saxlamağa üstünlük verirlər. Ona görə də məcburən, bəzən bu əmanətlərin cəlb edilməsi prosesində yüksək faizə gedən banklar yüksək faizlə də kreditlər təklif edirlər».

Ekspert vurğulayır ki, kreditlərin təklif olunmasında yüksək faizi formalaşdıran digər ən mühüm amillərdən biri risk məsələsidir: «Azərbaycanda gəlirlərin illeqal olması, qeyri-rəsmi iqtisadi fəaliyyətlərin həm əmək bazarında, həm sahibkarlıq fəaliyyətində geniş yayılması kimi məqamlar vardır və gəlirlərin rəsmi şəkildə sübut oluna bilməməsi halında, təbii ki, bu, artıq risk səviyyəsini yüksəldir. Risk səviyyəsinin artması isə modelin müştəriyə təklif edilən faiz dərəcəsini daha artıq müəyyən etməsinə gətirib çıxarır”.

İqtisadçı bildirir ki, daha aşağı faizlə vəsaitlərin cəlb edilməsi yolu ilə müəyyən mənada bazarda faizlərin ucuzlaşmasına nail olmaq mümkündür: «Azərbaycan vətəndaşları və biznesi yüksək faizlə borclanır. Bu, təbii ki, borcun geri qaytarılması üçün müəyyən bir risk mənbəyini də formalaşdırır. 2015-ci ildə Azərbaycan bununla üzləşdi. Ancaq istənilən halda, indiki şərtlər daxilində daha aşağı faizlə vəsaitlərin cəlb edilməsi mümkün olmadıqca, iqtisadiyyatda risklər qaldıqca, gəlirlər tam olaraq leqal səviyyədə rəsmiləşdirilmədikcə və iqtisadi aktivlik zəif olduqca faizlərin çox da aşağı düşməsi ehtimalları gözlənilən deyil».

Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, 2024-cü ildən depozit faizlərində artımlar müşahidə edilib: “Sistem əhəmiyyətli banklarda depozit faizləri yüksəldi. Bu yüksəliş kredit faizlərinə də təsir göstərdi. Monitorinqlər göstərir ki, sistem əhəmiyyətli banklarda kredit faizlərində artımlar olub. Bu, bütövlükdə bankların cəlb etdiyi vəsaitlərin dəyəri ilə bağlı bir məsələdir”.

V.Bayramov bildirir ki, hələlik kredit faizləri ilə bağlı ciddi artım müşahidə olunmur, amma bankların bahalı borclanma siyasəti davam edərsə, təbii ki, kredit faizlərinin artımına səbəb ola bilər: “Əsas siyasət və təşviq kommersiya bankarlarının daha ucuz vəsaitləri cəlb etməsi istiqamətində olmalıdır. Cəlb edilən vəsaitlər çoxalırsa, bu birbaşa kredit faizlərinə təsir göstərən əsas faktora çevrilir”.

Seçilən
12
hafta.az

1Mənbələr