Nəqliyyat sistemi ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Bu sistem ölkəmizin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən sahələrdən biri olmaqla ilbəil inkişaf etməkdədir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Şəki Şəhər Statistika İdarəsindən “Azərtac” bildirilib ki, 2024-cü ildə rayon əhalisinə 10 milyon 891,3 min manatlıq nəqliyyat xidmətləri göstərilib. Bu, əvvəlki illə müqayisədə 642,2 min manat çoxdur. Xidmətlərin 1 milyon 600,7 min manatı nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 9 milyon 290,6 min manatı isə fiziki şəxslərin payına düşüb.
Ötən il Şəkidə daxili sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 26 milyon 358 min sərnişin, 1 milyon 745 min ton yük daşınıb. Sərnişinlərin sayı əvvəlki illə müqayisədə 2 milyon 169 min nəfər, yükdaşımalar isə 99 min ton artıb.
Hazırda rayon əhalisinə 3 nəqliyyat müəssisəsi və “Şəki-Avtovağzal” Açıq Tipli Səhmdar Cəmiyyəti xidmət göstərir. Rayonun nəqliyyat və anbar təsərrüfatında 117 işçi çalışır.