ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.
Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-a daxil olmasının qarşısının alınmasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb.
Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar. “Bloomberg” agentliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli amerikalı həmkarı Marko Rubionu telefonla söhbətində əvvəlcədən xəbərdar etmişdi. Meskikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-ın “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.