AZ

“Kadr böhranı var”

Təyyarə və vertolyot qəzalarının aktual mövzu olduğu ABŞ-da hava hərəkətinə nəzarət bölmələrində çalışanların az olduğu üzə çıxıb. “New York Times” qəzetinin məlumatına görə, ölkədəki 313 hava hərəkətini idarə edən bölmədən 285-də kadr çatışmazlığı var.

Hesabatda deyilir ki, Federal Aviasiya Administrasiyası (FAA) və həmkarlar ittifaqları tərəfindən təyin olunan kadr sayına çatmaq mümkün olmayan bölmələrdə “təhlükəsizlik narahatlıqları” var.

FAA-nın hesablamalarına görə, yeni nəzarətçilərin işə götürülməsi və təlimi prosesinin sonunda tələb olunan kadr sayı əldə olunmaya bilər. Bildirilir ki, obyektlərin təxminən dörddə üçü müəyyən edilmiş personal sayından az qala bilər.

Qeyd olunur ki, bəzi obyektlərdə yeni hava hərəkəti dispetçerinin hazırlanmasına 4 ildən artıq vaxt lazımdır.

Yanvarın 29-da paytaxt Vaşinqton yaxınlığında “American Airlines” şirkətinə məxsus təyyarə ilə “Black Hawk” hərbi helikopterinin toqquşması gündəmdə olan mövzuya çevrilmişdi.

Ronald Reyqan hava limanı yaxınlığında baş verən hadisədə içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan bir helikopter Potomak çayına düşüb. Səlahiyyətlilər qəzada sağ qalanların olmadığını açıqlayıb.

Çaya düşən sərnişin və ekipaj üzvlərindən 41-nin cəsədinin tapıldığı, hərbi helikopterin qara qutusunun da tapıldığı bildirilib.

ABŞ prezidenti Donald Tramp qəzanı “böyük faciə” kimi qiymətləndirib və insidentdə helikopter pilotunu günahlandırıb. O, həmçinin ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Baydenin dövründə FAA-nın “meritokratiyadan uzaqlaşdığını” və “əqli qüsurlu insanların müxtəliflik, bərabərlik və inklüzivlik taktikasından istifadə edərək işə götürüldüyünü” iddia etdi.

“Washington Post” qəzetinin yazdığına görə, Ronald Reyqan hava limanında da kadr çatışmazlığı yaşanırdı. Bildirilir ki, qəza baş verən gecə iki aviadispetçer iki növbəli işləməli olub.

Seçilən
22
2
vaxt.az

3Mənbələr