"Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıqlaşma var"
Mia.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media heabında yazıb.
"Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.
Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”.
Prezidentin köməkçisi Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Prezidentin köməkçisi Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: "İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".
M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur"(Report).