AZ

şəhid ailələri ilə görüş keçirildi

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Şahdağ Truskavets Sanatoriya Mərkəzində şəhid ailələri ilə növbəti görüş baş tutub. Tədbirdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlərin ailələri və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların yaxınları iştirak ediblər.

Bu barədə məlumatı “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, görüş zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, onların keçdiyi döyüş yolları haqqında danışılıb: "Xüsusilə, övladları itkin düşmüş anaların yaşadığı ağrının sözlə ifadə olunmaz dərəcədə ağır olduğu vurğulanıb. Eyni zamanda, bu ailələrin qürur hissi yaşadığı qeyd edilib, çünki onların övladları Vətənin azadlığı uğrunda qəhrəman kimi döyüşüblər. Tədbirin əvvəlində Şahdağ Truskavets Sanatoriya Mərkəzinin rəhbəri Cəmil bəy şəhid ailələrinə xüsusi diqqət göstərərək onların problemləri ilə maraqlanıb, sanatoriyada onlara təqdim olunan xidmətlər barədə məlumat verib və hər zaman onların yanında olacağını bildirib".

QHT sədri Tünzalə Abduləlimova tədbirin əhəmiyyətini vurğulayaraq, şəhid ailələrinə göstərilən dəstəyin davamlı olmasının vacibliyini qeyd edib:

"Bəzi insanların şəhid ailələrinə qarşı ayrı-seçkilik etməsinə imkan verməməliyik. Unutmamalıyıq ki, o igid oğullar olmasaydı, bu gün bizim övladlarımız azad bir vətəndə böyüyə bilməzdilər. Məhz bu qəhrəman oğullar düşməndən şəhidlərimizin qanını aldılar. Belə görüşlərin keçirilməsi şəhid ailələrinin mənəvi dəstəklə əhatə olunmasına böyük töhfə verir.”

Görüş iştirakçıları tədbirin təşkilatçılarına minnətdarlıq bildirərək, bu cür görüşlərin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.

Seçilən
23
qht.az

1Mənbələr