Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 22-ci turu çərçivəsində baş tutan “Erokspor”la oyunun iştirakçısı olub.
“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
İsgəndərli bu oyunun 82-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu görüşdə fərqlənə bilməyib.
“Boluspor” 22 oyuna topladığı 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Vüsalın komandası 22 oyunda 9 qələbə qazanıb, 5 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 24 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Türkiyədə çıxış edən digər azərbaycanlı futbolçulardan Renat Dadaşovla Həsən Nəzərovun komandası – “Ankaragücü” də bu gün növbəti matçına çıxıb. Sözügedən komanda “Ümraniyəspor”la qarşılaşıb. Ankara təmsilçisi səfər matçından 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Renat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. “Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.
“Ankaragücü” 22 turdan sonra 30 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Futbolçularımızın komandası 22 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 4 oyun keçirib.