ABŞ Avropa İttifaqından idxal olunan mallara əlavə rüsumlar tətbiq etməkdə qərarlıdır...
Poliqon xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bazar günü axşam Floridadakı Mar-a-Laqo malikanəsindən qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində deyib.
“Sizə deyə bilərəm bu, Avropa İttifaqı ilə bağlı mütləq baş verəcək. Çünki onlar həqiqətən bizdən sui-istifadə edirlər”, deyə Amerika lideri Vaşinqtonun əlavə idxal rüsumları tətbiq etməsi mövzusunu şərh edərkən deyib.
Tramp ABŞ-nin Aİ ilə ticarətdə bu proteksionist tədbirləri çox yaxında qəbul etmək niyyətində olduğunu açıqlayıb.
“Demək olar ki, heç nə almırlar. Biz isə hər şeyi onlardan alırıq. Avropa İttifaqı özünü tamamilə qeyri-adekvat aparır. Bu durumda əlbəttə, nəsə baş verməlidir”, deyə Tramp ABŞ-nin Aİ ilə ikitərəfli ticarət kəsirinin 300-350 milyard dolları keçdiyini qeyd edib.
Prezident həmçinin Britaniyanın ABŞ-yə qarşı ticarət siyasətini tənqid edib.
“Ancaq düşünürəm ki, bunu həll etmək olar”, deyə Tramp əlavə edib.
ABŞ prezidenti Britaniyanın baş naziri Kir Starmerlə çox yaxşı anlaşdığını da qeyd edib.
Poliqon.info