AZ

Zal nəzarətçiləri üçün təlimlər yekunlaşdırılıb

13 – 31 yanvar 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılan və bütün respublika ərazisini əhatə edən təlimlərə 3915 nəzarətçi cəlb edilib. Nəzarətçilərdən 339 nəfər təlimlərdə iştirak edə bilməyib. Üzrsüz səbəblərdən təlimlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Təlimlər:

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– imtahan iştirakçıları auditoriyasının – imtahan zalının idarə olunmasında professionallığın əldə olunması baxımından mühüm məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həll yollarını izah etmək;

– nəzarətçi – iştirakçı, nəzarətçi – imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videoçarx nümayiş etdirilir.

Təlimlərdə həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində hazırda 15497 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqları gün imtahandan öncə təlimlər keçirilməsi nəzərdə tutulur.

Seçilən
19
2
azedu.az

10Mənbələr