AZ

Bu gün İslam aləmində mübarək gündür – Məclislər qurulur...

Bu gün miladi təqvimlə fevral ayının 3-ü, hicri təqviminə əsasən isə Şəban ayının 4-cü günüdür. İslam aləmində bu günün xüsusi əhəmiyyəti var.

Yenisabah.az xəbər verir ki, hicri təqvimi ilə 4 Şəban fədakarlıq və sədaqətin rəmzi olan Həzrət Əbülfəz Abbasın mövlud günüdür. O, 26-cı hicri ilində (miladi təxminən 647-ci il) Mədinədə dünyaya göz açmış və İslam tarixində misilsiz cəsarəti, vəfası və qardaşına olan sədaqəti ilə tanınmışdır.

Müsəlmanlar, xüsusilə də şiələr, bu günü böyük ehtiramla qeyd edir, məscidlərdə və məclislərdə onun şücaətini və Aşura günü göstərdiyi fədakarlığı xatırlayırlar. Həzrət Abbas, İmam Hüseynin (ə) bayraqdarı kimi Kərbəla səhnəsində düşmənə qarşı mübarizə aparmış və susuz qalmış Əhli-Beyt (ə) xanımlarına su çatdırmaq üçün canından keçmişdir. Onun şəxsiyyəti və həyatı, bütün zamanlar üçün vəfanın, igidliyin və əqidəyə sədaqətin ən böyük nümunələrindən biri hesab olunur.

Həzrət Abbas İmam Əlinin (ə) oğlu və İmam Hüseynin (ə) qardaşı idi. O, Kərbəla hadisəsində böyük fədakarlıq və şücaət nümunəsi göstərmiş, xüsusilə Aşura günü İmam Hüseynin (ə) sədaqətli tərəfdarı kimi tanınmışdır. Müsəlmanlar arasında o, "Qəməri Bəni Haşim" (Bəni Haşim qəbiləsinin ayı) və "Bab əl-Həvaic" (ehtiyac qapısı) kimi ləqəblərlə xatırlanır.

Bu mübarək gündə möminlər dualar oxuyur, Həzrət Abbasın fədakarlığını yad edir və onun göstərdiyi dəyərləri həyatlarında yaşatmağa çalışırlar.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr